"Ölkəmizdəki sabitlik və islahatlar mədəniyyət sahəsinin inkişafı üçün geniş imkanlar açır"

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin yap.org.az saytına müsahibəsi:

- Əbülfəs müəllim, Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət sahəsində həyata keçirilən siyasəti, bu sahənin ümumi inkişafını necə dəyərləndirərdiniz?

- Söhbətimizə başlamazdan öncə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VI qurultayında söylədiyi bir fikri xatırlatmaq istərdim. Cənab Prezident qeyd etdi ki, inkişaf üçün əsas şərt sabitlikdir və 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda sabitliyin bərqərar olması ölkəmizin inkişafını təmin etmişdir. Həqiqətən də, ötən dövrdə respublikamızda bütün sahələrin, o cümlədən mədəniyyət sahəsinin uğurlu inkişafı mövcud ictimai-siyasi sabitliyin, əmin-amanlığın və bu zəmində həyata keçirilən məqsədyönlü siyasətin, ardıcıl islahatların sayəsində mümkün olmuşdur.

Eyni zamanda hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi dövründə bir çox sahələrdə gələcək inkişafın möhkəm əsasları yaradılmış, bu illərdə mədəniyyətimiz özünün intibah dövrünü yaşamışdır. Mədəniyyətimizin böyük himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir.

2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşamışdır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin yüksəldilməsi ilə müşayiət olunmuşdur. Özəlliklə 2004-cü ildə regionlarla bağlı dövlət proqramının icrasına başlanılması paytaxtda və bölgələrdə sosial-iqtisadi inkişafın ahəngdarlığının təmin edilməsi, o cümlədən yerlərdə müasir mədəniyyət müəssisələrinin yaradılması üçün yeni imkanlar açdı. Bu dövrdə iqtisadi inkişaf tempinin, neft-qaz layihələrindən gəlirlərin sürətlə artması, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sektorunun da inkişafına, bu sahədə uzunmüddətli proqramlara zəmin yaratdı.

Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi və milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunmuşdur. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri də mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət, bu sahələrlə bağlı imzalanan fərman və sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin olmuşdur. Bu müddətdə kitabxana-informasiya sahəsi üzrə (2008-2013), kino (2008-2018) və teatr (2009-2019) sahələri, tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə (2014-2020) dövlət proqramları icra edilməkdədir.

Bu xüsusda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi daha bir fikri diqqətə çatdırmaq istərdim: “Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik, dünyaya açıq olmalıyıq”. Respublikamızın mədəniyyət ictimaiyyəti möhtərəm Prezidentin bu sözlərini gələcək fəaliyyət üçün başlıca istiqamət kimi qəbul edir və müasirliyə gedən yolda Azərbaycanın daha böyük uğurlar qazanması, dünyada nüfuzunun yüksəlməsi, ölkəmizə olan rəğbətin atması naminə öz töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

- Dövlətin diqqət və qayğısı mədəniyyətimizin, incəsənətimizin dünyada təbliği, ümumilikdə ölkəmizin tanıdılması baxımından nə kimi imkanlar açır, bu istiqamətdə hansı işlər görülmüşdür?

- Mədəniyyət sahəsinə diqqət və qayğıdan danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini, Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi zəngin maddi və qeyri-maddi mədəni irsimizin dünyada tanıdılmasına yeni üfüqlər açmışdır. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin fəal iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolma, habelə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılarına salınmışdır. Bu irs nümunələri ilə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO səviyyəsində dəstək qazanmışdır.

Ötən illərdə Azərbaycanın görkəmli mədəniyyət əsənət xadimlərinin, mütəfəkkir və ədiblərinin – Lətif Kərimov, Səttar Bəhlulzadə, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Molla Pənah Vaqif, Mir Cəlal Paşayev və İlyas Əfəndiyevin, eləcə də Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası və “Arşın mal alan” operettasının, “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcüməsi və nəşrinin yubileyləri UNESCO-nun yubileylər proqramına salınmışdır. Sözsüz ki, bu həm də ölkəmizin mötəbər təşkilatla sıx əlaqələrinin təsdiqidir.

Ötən illər ərzində Azərbaycanın İslam dünyasının təhsil, elm, mədəniyyət təşkilatı – İSESCO ilə də əməkdaşlığı möhkəmlənmişdir. Məlum olduğu kimi, İSESCO-nun qərarı ilə 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu. 2018-ci ildə bu missiyanı Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzi olan Naxçıvan şəhəri davam etdirir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi, ötən il Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə gerçəkləşməsi müsəlman ölkələrində Azərbaycana diqqət və dəstəyin daha da artmasına səbəb olmuşdur.

Azərbaycanın zəngin mədəni irsi ölkəmizi dünyada tanıdan, ona rəğbət qazandıran ən mühüm dəyərlərdəndir. Cənab Prezident Öz çıxışlarında bir fikri xüsusi vurğulayır ki, bizi tarixən millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, mədəniyyətimiz olub. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşayıb, amma dilimizi, mədəniyyətimizi, milli ənənələrimizi qoruyub saxlaya bilmişik. Müasir dünyada mədəniyyət diplomatiyasının müstəsna rolu var və bizim musiqi sənətimiz ölkəmizin ən fəal mədəniyyət elçisidir. Bayaq mədəni irs örnəklərimizin UNESCO siyahısına salınmasını qeyd etdim. Bununla bağlı bir məqamı vurğulamaq istərdim. Bu gün Azərbaycanın muğam üçlüyü - yəni xanəndə, tar və kamança ifaçılığı - bəşəriyyətin mədəniyyət inciləri sırasında yer alıb. Bu, dünya musiqi sənətində bənzəri olmayan hadisədir.

Ölkəmiz musiqinin müxtəlif növ və janrlarında beynəlxalq festival və müsabiqələrin ev sahibi kimi dünyada tanınır. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əsası qoyulmuşdur. Müasir mədəniyyət tariximizə yeni səhifələr yazmış bu ənənəvi festivallarla yanaşı, ötən müddətdə Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi dünya musiqi xəritəsində Azərbaycanı tanıdan layihələrdir. 2018-ci ildə ikincisi keçiriləcək Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi də bu sıraya öz adını yazmışdır.
Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması da yaradıcı kollektivlərin fəaliyyətini, o cümlədən beynəlxalq festivallarda uğurlu çıxışlarını təşviq edir. Prezidentin müvafiq sərəncamları ilə paytaxtda beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuşdur. Ötən illərdə teatr kollektivlərimiz 30-dan çox ölkədə qastrol səfərində olmuş, onlarla festivala qatılmışlar. Ölkəmiz də teatrla bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 2010-cu ildə Bakıda Beynəlxalq Teatr Konfransının, 2014-cü ildə Şəkidə “Üç məkan” Beynəlxalq Teatr Festivalının əsası qoyulmuşdur.

Milli kinematoqrafiya da bu illərdə mühüm inkişaf yolu keçmişdir. Son 15 ildə 50-dən çox tammetrajlı, onlarla qısametrajlı bədii film, 200-dən çox sənədli ekran əsəri lentə alınmışdır. Filmlərimiz 40-dan artıq ölkədə festivallarda iştirak etmiş, təkcə 2017-ci ildə 15 ekran əsəri 19 mükafat qazanmışdır. Bakıda ənənəvi beynəlxalq turizm və idman filmləri festivalları keçirilir. 2009-cu ildə inşa edilən Dövlət Film Fondunun binası dünyada ən müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi müasir kino prokatının əsasını qoymuşdur. Dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlamışdır.

Müasir standartlardan söz düşmüşkən kitabxana işi sahəsində yeniliklərin, elektron texnologiyaların tətbiqini qeyd etməliyik. 2008-2013-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLIBNET) yaradılmışdır. Bu sahədə digər mühüm layihə ölkə kitabxanalarını vahid məkanda birləşdirən mərkəzləşdirilmiş elektron kitabxana sisteminin (ALISA) qurulmasıdır. Ötən illərdə Azərbaycan kitabları nazirlik tərəfindən müxtəlif ölkələrdə sərgi-yarmarkalarda təqdim olunmuş, beynəlxalq müsabiqələrdə dəfələrlə mükafatlara layiq görülmüşdür. 2009-cu ildən etibarən nazirliyin təşkilatçılığı ilə ənənəvi (iki ildən bir) Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.
Yeni texnologiyalar, qabaqcıl standartlar muzey işində, tarixi abidə və qoruqlarda da uğurla tətbiq olunur. Dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədlərdən biri şəhər və rayonlarda muzey şəbəkəsinin genişləndirilməsi, müasir tələblər səviyyəsində qurulması, tarix-mədəniyyət qoruqlarının turistik imkanlarının inkişaf etdirilməsi idi. Prezidentin bu sahədə sərəncamlarının icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. Muzey işinin genişlənməsində yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri mühüm rol oynayır. Milli İncəsənət Muzeyinin yeni korpusunun istifadəyə verilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının inşası, eləcə də zəngin mədəni xəzinəmizin qorunduğu Tarix və Ədəbiyyat muzeylərinin əsaslı şəkildə təmiri və yenidən qurulması dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunələridir. Bütövlükdə ötən illərdə ölkəmizdə mədəniyyət sektorunun infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə paytaxtımızda inşa edilən, yenidən qurulan möhtəşəm mədəniyyət ocaqları – bənzərsiz memarlıq örnəyi olan Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi Bakının müasir simvollarına çevrilmişdir. Belə gözoxşayan tikililər digər şəhərlərimizi də bəzəyir. Ötən il istifadəyə verilən Gəncə Dövlət Filarmoniyasının binası buna parlaq örnəkdir.

- Söhbətimizin bu yerində regionlarda həyata keçirilən mədəniyyət siyasəti, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması barədə danışmağınızı istərdik.

- Dövlət başçısının həyata keçirdiyi siyasətin başlıca məqsədlərindən biri bütün sahələrdə paytaxtla regionların ahəngdar inkişafının təmin olunmasıdır. Prezidentin regionlara demək olar ki, hər səfəri yeni muzey binasının, mədəniyyət mərkəzinin, musiqi və incəsənət məktəbinin açılışı ilə yadda qalır. Regionlarda mədəniyyət ocaqlarının yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq yeni proqramlar həyata keçirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-2014-cü illərdə reallaşdırılan “Xalq Yaradıcılığı Paytaxtları” proqramı, sonrakı illərdə həyata keçirilən “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı” nominasiyaları, habelə “Bölgələrdən paytaxta” layihəsi bu qəbildəndir.

Azərbaycanda gerçəkləşdirilən mədəniyyət siyasəti, bu sahədə yeniləşmə bütün ölkəni əhatə edir. Şəhər və rayonlarda 200-dən çox muzey və Heydər Əliyev mərkəzi, onlarla rəsm qalereyası, 2 mindən artıq kitabxana-informasiya müəssisəsi, 100-dən çox yüksək təmirli mədəniyyət sarayı, eləcə də yerlərdəki teatrlarımız, kino nümayişi məkanlarımız insanların xidmətindədir. Ölkəmizin ev sahibliyi etdiyi hər hansı bir mötəbər tədbiri, festivalı paytaxtla yanaşı, regionlarımızda da yüksək səviyyədə keçirmək mümkündür. Regionların mədəni mühitini yeni ideyalarla canlandırmaq üçün müxtəlif layihələr həyata keçirilir, bölgələrin mədəni irsi, mətbəxi, sənətkarlığı və s. təbliğ olunur. Ötən illərdə bir sıra regional layihələr geniş beynəlxalq tədbirlərə çevrilmişdir. Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. Sevindirici haldır ki, bəzi bölgələrimiz beynəlxalq təşkilatlar formatında “mədəniyyət paytaxtı” adını qazanmışdır. 2013-cü ildə Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı”, 2016-cı ildə Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionların mədəni irsinin, turizm imkanlarının tanıdılmasına əlavə imkanlar açmışdır.

Bölgələrimizdə tarixi-mədəni irsin qorunub-saxlanılması daim diqqət mərkəzindədir. Prezidentin fərmanı ilə 2014-cü ildə yaradılan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Regionlardakı tarix və mədəniyyət qoruqlarının fəaliyyəti canlandırılır. Dövlət başçısının sərəncamları ilə Abşeron rayonunda “Yanardağ”, Ağstafa rayonunda “Keşikçidağ”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil edilmişdir. Son illərdə yerlərdə 50-dək tarixi abidə təmir-bərpa olunmuşdur. Regionlarımızın mədəni zənginliyi Azərbaycanı dünyaya tanıdan böyük sərvətdir.

- Əbülfəs müəllim, Azərbaycan bu gün həm də tolerantlıq mədəniyyəti, unikal multikultural dəyərləri ilə dünyanın diqqət mərkəzindədir. “Bakı Prosesi” artıq beynəlxalq dialoq platforması kimi qəbul olunur...

- Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin bu il 10 illiyi qeyd olunacaq. 2008-ci ildə bu prosesin başlanmasından ötən dövrə nəzər salsaq, Azərbaycanın qlobal miqyasda sivilizasiyalararası dialoqun mərkəzinə necə çevrildiyini görə bilərik. 2008-ci ilin dekabrında Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin konfransı keçirildi. Cənab Prezidentin təşəbbüsü ilə konfransa 10-a yaxın müsəlman ölkəsinin nazirləri də dəvət olundu. İlk dəfə Avropa və İslam ölkələrinin nazirləri Bakıda bir araya gəldilər. Konfransda çıxış edən Azərbaycan Prezidenti “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü, bununla bağlı “Bakı Bəyannaməsi” qəbul edildi. Bir il sonra, 2009-cu ildə “Bakı - İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində burada müsəlman ölkələri mədəniyyət nazirlərinin toplantısı oldu. Bu dəfə yenə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə həmin konfransa Avropa ölkələrinin nazirləri dəvət edildi. Beləliklə, “Bakı Prosesi” artıq beynəlxalq platforma kimi təşəkkül tapmağa başladı. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. 7-9 aprel 2011-ci ildə paytaxtımız yüksək səviyyədə birinci Foruma ev sahibliyi etdi.

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi mötəbər təşkilatların dəstək verdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidentinin multikulturalizm və tolerantlıq siyasətinin parlaq təcəssümü, ölkəmizin dünyaya ünvanladığı sülh mesajıdır. 2011-ci ilin oktyabrında bu istiqamətdə daha bir təşəbbüsün – Bakı Beynəlxalq Humanitar Forumunun əsası qoyuldu. 2016-cı ilin aprelində Bakıda keçirilən, 147 ölkədən nümayəndələrin qatıldığı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu isə həm miqyasına, həm də mahiyyətinə görə ölkəmizin müstəqillik tarixində ev sahibliyi etdiyi ən mötəbər beynəlxalq toplantı idi. Bu, eyni zamanda, beynəlxalq miqyasda Azərbaycana göstərilən yüksək etimadın, ölkəmizdə bu sahədə həyata keçirilən siyasətə rəğbətin göstəricisi idi. 2017-ci ildə Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilmişdir. Onu da qeyd edim ki, dövlət başçısının müvafiq sərəncamları ilə Dünya

Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumun iki ildən bir təşkil edilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmuşdur və bu, üzərimizə böyük məsuliyyət qoyur. Bu il “Bakı Prosesi”nin 10 illiyini qeyd etməklə bərabər, növbəti Bakı Beynəlxalq Humanitar Forumunu da keçirəcəyik.

Qürurverici bir haldır ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi, ölkəmizdəki tolerantlıq mühiti, multikulturalizm modeli dünyada örnək kimi göstərilir. Belə bir mühit və xalqımızın qonaqpərvərlik mədəniyyəti sayəsində ölkəmizə gələn əcnəbi vətəndaş özünü rahat, sərbəst hiss edir, buradan özü ilə xoş təəssürat aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə