“Nəğmə dolu ocaqda bir gün” adlı konsert proqramı keçirilib FOTOLAR

Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Nəğmə dolu ocaqda bir gün” adlı konsert proqramı keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova dünyada ilk muzeylərin yaranma tarixi, UNESCO-nun muzeylərlə bağlı qəbul etdiyi qərarlar və onların əhəmiyyəti, həmçinin Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında ətraflı məlumat verib, Azərbaycanda bu sahəyə göstərilən diqqət və qayğıdan söhbət açıb.

Bildirib ki, hər il mayın 18-i dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Keçmişimizin yadigarlarının və xalqların tarixinin, mədəniyyətinin gələcək nəsillərə ötürülməsində, onların qorunub saxlanılmasında muzeylər böyük rola malikdir.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, həmçinin Binəqədi rayonunda yerləşən orta məktəb şagirdləri çıxış ediblər. Konsertdə Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından qızların xoru, “Cəngi”, “Fantaziya”, Qara Qarayevin “Tsarskoe selo heykəli”, “Naxçıvani” aşıq havası və digər musiqi nömrələri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə