Milli İncəsənət Muzeyinə “Humay” Milli Mükafatı təqdim olunub

Azərbaycan Milli İncəsənət Muzeyində “Humay” Milli Mükafatının növbəti dəfə təqdimatı keçirilib. Muzeydən SİA-ya bildirilib ki, mərasimdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Rəhbərlik etdiyi qurumun da bu mükafata layiq görülüdüyünün ikiqat sevinc olduğunu deyən Ç. Fərzəliyev, kollektivi təbrik edib, hər kəsə təşəkkürünü bildirib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Fikrət Babayev deyib: “Uzun illər ərzində formalaşan Azərbaycan Milli İncəsənət Muzeyi öz fəaliyyətinin ən yüksək çiçəklənmə dövrünü yaşayır. Bu nailiyyət, həm də muzeyin rəhbəri, professor Çingiz Fərzəliyevin əməyinə əsaslanır . Bu gün muzey ən tələbkar qonaqlarını belə, məmnun etmək bacarığına malikdir. Muzeyin ekspozisiyasına maraq göstərənlərin əksəriyyətinin gənclər və uşaqların olması çox sevindirici haldır”.

Mədəniyyət Nazirliyinin sektor müdiri Azadə Hüseynova çıxışında muzeyin ölkənin ən aparıcı muzeyi olduğunu qeyd edib: “Milli və dünya xalqlarının maddi-mənəvi və mədəni irsini qoruyub saxlayan muzey beynəlxalq aləmdə öz nüfuzu ilə seçilir. Muzeyin günü-gündən artan uğuru bütün əməkdaşlarının öz işinə böyük sevgi və qayğısının göstəricisidir”, - deyə A. Hüseynova söyləyib.

Qeyd edək ki, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan bu mükafat hər il tanınmış mədəniyyət xadimlərinə, eləcə də idman və televiziya nümayəndələrinə təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə