Qoruq İdarəsi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin əlaqələndiriciliyi ilə 18 may – Beynəlxalq Muzeylər Günündə silsilə tədbirlər keçiriləcək. Qoruq İdarəsindən SİA-ya bildirilib ki, hər dəfə bir mövzu ətrafında birləşən muzeylər bu il tədbirlərini “Hiper birləşmiş muzeylər: yeni yanaşmalar, yeni auditoriya” adı altında təşkil edəcək.

Beynəlxalq Muzeylər Günündə İçərişəhər ərazisində yerləşən muzey komplekslərində “İçərişəhərin açarı” interaktiv oyunu təşkil ediləcək. Oyun iki komandadan ibarətdir. Birinci komanda Qız qalası, V.Mustafazadənin ev muzeyi və Numizmatika ekspozisiyası marşrutu ilə keçiriləcək. İkinci komanda isə Bəylər məscidi, Tahir Salahovun ev-muzeyi və Miniatür kitab muzeyi marşrutu üzrə davam edəcək. Oyun prosesi komanda üzvlərinin bu muzeylərdə eksponat axtarışı üzrə aparılacaq. İlk öncə hər bir komandaya eksponatların fotofraqmentləri göstəriləcək və onlar bu fraqmentlərlə eksponatın hansı muzeyə aid olduğunu müəyyənləşdirəcəklər. Qalib komanda Şirvanşahlar Saray Kompleksində “İçərişəhərin açarı” mükafatı ilə təltif olunacaq.

Mayın 19-da isə Qala Dövlət Tarix–Etnoqrafiya Qoruğunda “Qalalının evində bir gün” adlı tədbir keçiriləcək. İştirakçılar milli mətbəxin ləziz nümunələri olan ət və göyərti qutablarının hazırlanması prosesində iştirak edə, orta əsr mühitində samovar çayından zövq ala biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...