İrəvan Teatrı Şəki Festivalında çıxış edib FOTOLAR

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə ölkəmizdə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilir. SİA-nın məlumatına görə, festival Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilib.

Festival çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 13-də Xırdalandakı Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edib.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, tamaşadan öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə təmsilçisi, Əməkdar mədəniyyət işçisi İlham Manafov və İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev tamaşaçılara festival haqqında məlumat veriblər. Sonra İrəvan teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevdə olmaqla kollektivə mükafatlar, hədiyyələr və diplom təqdim edilib.

Daha sonra tamaşa nümayiş olunub. Abşeronluların qonağı olan teatr kollektivi tamaşadan sonra alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor və musiqi tərtibatı Tural Xəlilzadə, rəssamı Vahid Mürsəliyevdir.

Səhnədə rolları Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Rzayev, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Rövşən Cəfərov, Natiq Həziyev, Ceyhun Əliyev, Məmməd Zeynalov, Tural Xəlilzadə və Bəhruz Hikmətoğlu ifa ediblər.

Əsər ailə-məişət mövzusundadır. Burada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə ilə “student” Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səriyyənin anası Çimnaz onu qardaşı oğlu qoçu Qurbana ərə vermək istəyir. Dayısı Həmzə də Səriyyənin anası ilə həmfikirdir. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Əsərdə burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğu göstərilir. Mühafizəkarlığın qulu olan insanlar gənclərin məhəbbətinin qarşısını ala bilmir və sonda onlar bir-birinə qovuşurlar.

Qeyd edək ki, mayın 19-dək davam edəcək festivalda Azərbaycanın 19 teatr kollektivi ilə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir. Festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə