Misir yazıçısı Tərcümə Mərkəzində

Tanınmış Misir yazıçısı, Misir Milli Tərcümə Mərkəzinin rəsmisi Yaqub Əl-Şəruni Tərcümə Mərkəzinin qonağı olub. Azərbaycan Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, görüşdə hər iki qurumun birgə əməkdaşlığı əsasında ərsəyə gətirilən beynəlxalq layihələrdən söz açılıb.

Yaqub Əl-Şəruni deyib: “Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşlığı son illər Azərbaycan ədəbiyyatının ərəb dünyasına yaxından tanıdılmasına geniş imkanlar yaradıb. Ötən il Qahirədə işıq üzü görmüş “Azərbaycan hekayələri antologiyası” Misirin mərkəzi kitabxanalarına, kitab evləri və universitetlərə yerləşdirilməklə bərabər, digər ərəb ölkələrinə də yayımlanıb, beynəlxalq kitab sərgilərində təqdim edilib və böyük marağa səbəb olub”.

Daha sonra yazıçı ədəbiyyatın və ədəbi mübadilələrin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma yaratmaqla yanaşı, dünyanın bir çox problemlərinin həllinə də təsir göstərdiyini bildirib: “Ədəbiyyatın “yumşaq qüvvə” deyilən xüsusi təsir imkanları var. Bu, iqtisadiyyatın, siyasətin cəmiyyətə təsir imkanlarından daha üstün, fövqəl bir gücdür – insan qəlbinə nüfuz etmək gücü”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...