Mirəli Seyidovun 100 illik yubileyi ilə bağlı tədbir keçirib FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Folklor İnstitutu Azərbaycanın böyük alimi, tənqidçi, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov professor Mirəli Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, onunla bağlı xatirələrini bölüşüb. Nizami Cəfərov alimin çoxsaylı araşdırmalarına diqqəti cəlb edib, onun yaradıcılığını təhlil edib. Natiq bildirib ki, M.Seyidovun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tədbir iştirakçılarının diqqətini alimin yaxın silahdaşı olmuş akademik Bəkir Nəbiyevin arxivində Xalq yazıçısı Mirzə İbrahimovun imzası olan bir sənədə cəlb edib. Sənəd və sənədlə bağlı xatirə professor Mirəli Seyidovun “Qabusnamə"nin Azərbaycan və erməni dillərinə tərcümələrinə yüksək peşəkarlıqla verdiyi ekspert qiymətləndirməsinə, bununla da növbəti erməni saxtakarlığının qarşısının alınmasına aiddir. Alimin zəngin elmi irsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan L.İmanova M.Seyidovun MEK-də mühafizə olunan kitablarının elektron kataloqa və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini, əsərlərin əsasən kiril qrafikası ilə çap olunduğunu, bu səbəbdən də bir yerə toplanaraq latın qrafikası ilə yeni nəşri üçün mütəxəssislərin cəlb edilməsi zərurətini və çap işlərinə MEK-in dəstək ola biləcəyini səsləndirib. MEK tərəfindən hazırlanmış, alimin həyat və yaradıcılığını əks etdirən “Mirəli Seyidov–100” filminin nümayişindən sonra AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy “Mənim Mirəli Seyidovum” adlı məruzə ilə çıxış edib. Tədbir Sumqayıt Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Böyük azərbaycanşünas alim, professor Mirəli Seyidovun ədəbi nəzəri görüşləri” kitabının müəllifi Dəyanət Cümənov, 162 saylı məktəbin tarix müəllimi Gülbəniz Abbasova, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Əsgər Zeynalov M.Seyidovun Azərbaycan folklorşünaslığına, ədəbiyyatşünaslığına, türkologiyaya verdiyi qiymətli töhfələrdən, yaratdığı əsərlərin milli düşüncəmizin və təfəkkürümüzün formalaşmasına təsirindən, mifik düşüncə tariximizə bəxş etdiyi yeniliklərdən bəhs edən çıxışları ilə davam edib. Çıxış edənlər alimin Azərbaycan ədəbiyyatına, tarixinə qazandırdığı uğurlardan, yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ruhumuza yeni oyanış dalğası gətirməyindən danışıblar. Sonda alimin oğlu Elçin Seyidov ailə adından çıxış edərək tədbirin təşkilatçılarına, çıxış edənlərə və bütün iştirakçılara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...