Bakıda “Dərk edilməyən bilik” adlı sərgi açılıb FOTOLAR

“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında rəssamlar Hiba Farhat (ABŞ/Livan), Klara Co (Almaniya/ABŞ) və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət "Dərk edilməyən bilik" (Unthought Known) adlı qrup sərgisi açılıb.

SİA-nın məlumatına görə, sərgidəki əsərlər, qavrayış, biliklər və reallıq konsepsiyalarını sual altına qoyan yaddaş, tarix və dil kimi təkrarlanan strukturları alt-üst edən mövzulara həsr olunub.

Sərgidə yer alan Hiba Farhatın "Xərçəngin cənnəti" ("Lobster Paradise") əsəri, bir Bakı yuxusu üzərində qurulub. Dubaydan Bakıya təyyarə ilə uçan İbrahim İbrahimov, 3 saatlıq uçuş zamanı çox maraqlı yuxu görür... Onun təxəyyülündə, gələcək şəhər canlanır və bu, Bakının sahilində, nəhəng xərçəng formasında peyda olur. "Xərçəngin cənnəti" – bu yuxunu canlandırır, daha sonra isə onu, Azərbaycanın post-neft erasının bitdiyi indiki zamanda alt-üst edir. Bu əsərdə, fərdi qaydada oxşar, lakin vəhdətsizliyi ifadə edən, bir-biri ilə əlaqəli olmayan obyektlər yan-yana qoyulur. Normal olaraq, bir-biri ilə əlaqəsiz elementlərin birləşməsində müəyyən dərəcədə əyləncəli, həm də "təhlükəli" bir hadisə baş verir. "Xərçəngin cənnəti" alleqorik oxuya etinasız yanaşır, "qarışdırmağa" çalışdığı emosiyalar və hücum etdiyi yanlış arqumentlər son dərəcə gerçəkdir. Bu əsər qeyri-məntiqi aləmi öz ən məntiqi sonluqlarına dartıb aparır...

Klara Conun qısa filmi Bakı və onun ətrafındakı müxtəlif mnemonik və arxitektur peyzajlar daxilində yer alan tarixin qatlarını araşdırır. Bu qədim və müasir fasadlar, hekayələr şəhəri təşkil edən təbii və süni materiallar vasitəsilə yaradılır və ərsəyə gətirilir. Möhtəşəm memarlıq jestlərini bayağılıq ilə qarşı-qarşıya qoyan film, müasir məkanların yaradılması prosesində identikliyin qorunub saxlanılması ilə yanaşı, "mədəni amneziya" yaradılması bacarığını da ətraflı şəkildə araşdırır.

Ehtiram Jabinin avtobioqrafik “Polio” (poliomielit) adlı layihəsi, rəssamın uşaqlıq xatirələrindən bəhs edir. Bu xatirələr, çirkli xəstəxana otaqları, həkimlər, ağrılı müalicə prosedurları və ümidsizliklə müşayiət olunur... Digər xəstələrlə müqayisədə, onun xəstəliyi “orta” səviyyəli olsa da, rəssam dərin psixoloji sarsıntını, məhrumiyyətləri və onu hər gün qarabaqara izləyən xatirələri hiss edirdi. İnstalyasiya, “Polio” adlanan silsilə fotoşəkillərin yer aldığı taxta konstruksiyadan ibarətdir. Bu əsər, formal olaraq xəstəxana dəhlizinə istinad etməklə yanaşı, onun düçar olduğu travmaların qalıqlarını ifadə edir. İkinci otağın divarında, rəssamın xəstəxanadan kənarda, lakin xəstəliyə görə hələ də müəyyən məhdudiyyətlərə məruz qalan həyatını təmsil edən real obyektlər daxildir. Fotoqrafiya sənətindən gələn rəssam, ilk dəfə olaraq, zəriflik, fanilik və reallıq kimi anlayışları əks etdirmək üçün foto sahəsində müxtəlif texnikaları araşdırır.

Klara Co Berlində yerləşən Bard Kolleci və İnstitut für Raumexperimentenin məzunudur. Onun son filmi və heykəltəraşlıq instalyasiyaları, revizionist (təkrar baxış tələb edən) tarixlərdə nəzərdə tutulan yerlər ilə uğurlu dialoq qurur. Onun əsərləri “Royal Academy of Arts” (London), “Institute of Contemporary Arts” (London), “Staatliche Museen zu Berlin” (Hamburger Bahnhof, Neue Nationalgalerie, Dahlem Museums, Museum for Photography), “Savvy Contemporary” (Berlin), “Akademie der Künste” (Berlin) və “Alliance Ethio-Française d’Addis-Abeba” (Efiopiya) kimi məkanlarda nümayiş etdirilib.

Hiba Farhat əslən Livan və Qanadan olan rəssamdır. O, təsvirlər, obyektlər və situasiyaların yaradılması ilə məşğul olur. Hiba Çikaqo İncəsənət İnstitutunu magistr dərəcəsi ilə bitirib. Hibanın əsərlərində adətən “dumanlı”, parçalanan mövzular, onun siyasi və ekzistensial, xəyali və gerçək anlayışlar arasındakı sərhədə qarşı böyük sevgisi ilə əlaqəlidir. Bu anlayışların təsvirlər və obyektlər arasında böyük ehtimalla sənədləşdirdiyi / təmsil etdiyi mənəvi köhnəlmə və müxtəlif əlaqələr, onun əsərində “çıxış nöqtəsi” sayılır. Qurulan/dağılan mədəni, siyasi, tarixi və siyasi kontekstlər vasitəsilə məna və situasiyaları yenidən canlandırmaq məqsədilə, rəssamın videoları xüsusi olaraq, geniş diapazonlu bədii və nəticə etibarilə, vasitəçi rolunu oynayan təsvirlərin cəlbini və toplanılmasını əhatə edir.

Sərgi mayın 11-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə