“Milli dövlətçilik tarixində silinməz izlər” adlı tədbir keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 3 saylı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Milli dövlətçilik tarixində silinməz izlər” adlı tədbir keçirilib.

İdarədən SİA-ya bildirilib ki, Milli Məclisinin deputatı, fəlsəfə elmlər namizədi Fazil Mustafa, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Vasif Qafarov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən, türk –müsəlman Şərqində ilk parlamentli respublika, dünya tarixində ən demokratik dövlət qurumlarından biri olmasından danışıblar.

Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi sözlər xatırladılıb: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb, ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır”.

Bildirilib ki, Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan görkəmli ictimai xadimlərin xatirəsini Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.

Tədbirdə o dövrün görkəmli xadimlərinə həsr edilmiş videogörüntü nümayiş olunub və 49 nömrəli “İntellekt” liseyinin şagirdlərinin ifasında şeirlər dinlənilib.

Sonda iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə