“Mir Cəlal irsinin təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Mir Cəlal irsinin təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri İctimai Birliyin sədr müavini Həbib Misirov açaraq layihənin görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin ədəbi-elmi irsinin təbliğində əhəmiyyətini qeyd edib.

Bildirib ki, Mir Cəlal ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır. O, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və yaradıcılarından biridir. Çoxlu sayda hekayə, povest və romanlar müəllifi olan yazıçı, həm də ədəbiyyatşünas alim kimi dəyərli elmi-tədqiqat əsərləri, dərsliklər yazıb.

Diqqətə çatdırıb ki, bu il görkəmli yazıçının anadan olmasının 110 ili tamam olur və bununla əlaqədar ədibə həsr olunmuş silsilə tədbirlər keçirilir, əsərləri çap edilir, eyni zamanda haqqında yazılmış dəyərli elmi-tədqiqat əsərləri çap olunur. Natiq bildirib ki, həmin əsərlərdən biri də bu günlərdə işıq üzü görən professor Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” kitabıdır. Kitabda müəllif Mir Cəlal nəsrini geniş şəkildə və müasirlik kontekstindən şərh edib, görkəmli ədibin nəsr yaradıcılığına metodoloji yanaşmanın yeni aspektlərini ortaya qoyub.

Sonra professorlar Himalay Qasımov, Şirindil Alışanlı, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli çıxış edərək Mir Cəlal irsindən ətraflı söz açıb, görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüblər.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva Mir Cəlalın həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabları müasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.

Sonda kitabın müəllifi, professor Təyyar Salamoğlu çıxış edərək təqdimat mərasiminə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə, tədbirin iştirakçılarına təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə