Milli Arxiv İdarəsinin əməkdaşları beynəlxalq konfransda iştirak edib

Milli Arxiv İdarəsinin əməkdaşları Tatarıstanın Kazan şəhərində təşkil edilmiş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

İdarədən SİA-ya bildirilib ki, “Perqamentdən rəqəmsala doğru” adlı beynəlxalq elmi-praktik konfransın əsas mövzuları rəqəmsal mühitdə arxivlərarası əlaqə, kommunikasiya, vahid format və informasiya təhlükəsizliyi, elektron hökumət, elektron informasiyanın idarə olunması, elektron arxiv, elektron etika və elektron təhlükəsizlik olub. Konfransa ölkəmizlə yanaşı, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Hollandiya, Belarus, Türkiyə, Çin, Xorvatiya, Finlandiya, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri də iştirak edib. Ölkəmizi konfransda İdarənin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov və beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil edib.

Konfransın ilk günü Tatarıstanın Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə “Tatarıstan arxivləri 100 il” adlı sərginin açılışı olub.

Konfransda “Azərbaycanda elektron arxivlərin qurulması və arxivlərin elektron idarəedilməsi” mövzusunda Natiq Eminov məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə