ADGTT möhtəşəm idman yarışında qonaqları qəbul etməyə hazırdır

Hər həftə olduğu kimi, bu həftə də ADGTT həftənin və ayının sonuna doğru maraqlı repertuarla tamaşaçıların görüşünə gələcəkdir. SİA-nın məlumatına görə, bu dəfə kollektiv aprel ayının 27-29 tarixlərində Bakıda növbəti dəfə möhtəşəm İdman yarışması olan Formula-1-in keçiriləcəyini nəzərə alaraq xüsusi repertuar tərtib edib.

“Belə möhtəşəm yarışmalara yenidən ev sahibliyi etmək ölkəmizi və Bakımızı tanıtmaq üçün növbəti fürsətdir. Yarışma ərəfəsində paytaxtımıza gələn xarici qonaqlar zəngin mədəniyyətimizə, çeşidli mətbəximizə, teatr-konsert müəssisələri və folklor nümunələrimizlə bir daha yaxından tanış olmaq fürsəti əldə edəcəklər. Bu məqsədlə də repertuarımızda olan ən maraqlı tamaşaları seçib şəhərimizin qonaqlarına nümayiş etdirəcəyik”-deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov söyləyib.

Teatr aprel ayının 26-da saat 19.00-da dünya şöhrətli, Oskar mükafatçısı Martin MakDonaxın “Konnemarada bir kəllə” tamaşasını, aprelin 27-də saat 19.00-da sözügedən müəllifin trilogiyasına daxil olan “Yalqız qərb” tamaşasını, aprelin 28-də saat 19.00-da məşhur İsveç dramaturqu L.Nurenin (“Müharibə”) “Mən gəldim qızlar” tamaşasını, 29 apreldə isə ölməz C.Cabbarlının “Aydın” tamaşasını təqdim edəcəkdir. Qeyd etdiyimiz bütün tamaşalar yarışların keçiriləcəyi ərəfədə şəhərimizə səfər edəcək turistlərin, qonaqların və azarkeşlərin daha yaxşı başa düşməsi üçün ingilis və rus dilində titrlərlə nümayiş etdiriləcəkdir.

Teatr hər zaman olduğu kimi kiçik yaşlı tamaşaçılarını da unutmayıb.

Balacalar aprel ayının 28-də saat 12.00 və 14.00-da C.Sviftin “Qulliver cırtdanlar ölkəsində”, aprelin 29-da isə eyni saatlarda Pərvinin “Dəcəl keçi” tamaşalarını seyr edə biləcəklər.

Tamaşalara biletləri mərkəzləşmiş qaydada şəhərimizin bütün teatrlarından, kassalardan və asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə