UFAZ-da Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, “Rəngarəng ruh” adlı sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub. Rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlər də diqqəti cəlb edib. Tədbirdə UFAZ-ın professor-müəllim və tələbə heyəti, eyni zamanda tanınmış incəsənət adamları, xalq rəssamları və rəsm həvəskarları iştirak edib.

Tədbir iştirakçılarını salamlayan UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov UFAZ layihəsi haqqında məlumat verib. Sərginin Frankofoniya həftəsi çərçivəsində keçirildiyini deyən V.Əsgərov rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlərin olmasını xüsusi vurğulayıb.

Sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov və digər mötəbər qonaqlar gənc istedad Musa Niftəlinin rəsmlərinin hər birinin ayrı-ayrılıqda böyük əhəmiyyət daşıdığını, bu əsərlərin böyük zəhmətlə ərsəyə gəldiyini qeyd ediblər.

Sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirən gənc rəssam Musa Niftəli bundan sonra da müəllimlərinin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə