Türkiyənin Strateji Düşüncə İnstitutu ilə Azərbaycan Aşıqlar Birliyi arasında memorandum imzalanıb

Türkiyədə fəaliyyət göstərən Strateji Düşüncə İnstitutu ilə Azərbaycan Aşıqlar Birliyi arasında memorandum imzalanıb. SİA-nın məlumatına görə, institutun rəhbəri Məhəmməd Savaş Kafkasyalı ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının imzaladığı sənəddə hər iki qardaş ölkədə folklor ənənələrinin və aşıq sənətinin yaşadılması istiqamətində birgə layihələrin reallaşdırılması nəzərdə tutulub.

Azərbaycan Aşıqlar Birliyində olan Məhəmməd Savaş Kafkasyalı qurumun fəaliyyəti ilə yaxından tanış olub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə yaxın gələcəkdə həm Azərbaycanda, həm də Türkiyədə müxtəlif birgə tədbirlərin keçirilməsi qərara alınıb.

Sonda professor M.Qasımlı türkiyəli qonağa yeni çapdan çıxmış üçcildlik “Azərbaycan aşıq ədəbiyyatı” antologiyasını hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə