Naxçıvandakı muzeyləri 116 mindən çox tamaşaçı ziyarət edib

Bu ilin birinci rübündə muxtar respublikadakı muzeyləri 41 min 33-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 116 min 653 tamaşaçı ziyarət edib. Bu dövrdə muzeylərə 402 yeni eksponat daxil olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ötən aylarda muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği istiqamətində işlər uğurla davam etdirilib. Rüb ərzində nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 190 əl işi satılıb, Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsinə 41 min 408 baxış qeydə alınıb. Bundan başqa, Naxçıvan Dövlət Xalça Muzeyinin internet səhifəsinin 5 min 746, “Əlincəqala” tarixi abidəsinin internet səhifəsinin 1692 izləyicisi olub.

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən də bir sıra işlər görülüb, 9 mətbəx nümunəsi və milli mətbəxlə bağlı 35 folklor nümunəsi toplanıb, mərkəzin sosial şəbəkələrdəki səhifəsinə 3 min 400-dən çox baxış qeydə alınıb.

Bu dövrdə muxtar respublikadakı kitabxanalara 18 adda 2 min 600-ə yaxın kitab və çap məhsulu verilib, 143 mədəni-kütləvi tədbir və 102 sərgi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə