“Bakı Prosesi”nin təqdimatı keçirilib FOTOLAR

Lüksemburqun tarixi Noymünster sarayında keçirilən Avropa Şurası (AŞ) Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclası öz işini yekunlaşdırıb. İki gün davam edən iclas məhsuldar keçərək bir sıra önəmli məqamlar ilə yadda qalıb. SİA-nın məlumatına görə, iclasın ilk günü iki yeni ölkə - Türkiyə və Vatikan İdarə Heyətinin üzvlüyünə qəbul ediliblər. Daha sonra hazırda mövcud olan Avropa Şurasının 32 mədəni marşrutundan 8-i növbəti sertifikatlaşmanı keçmək üçün hesabatla çıxış edib.

Tədbirin ikinci günü 2020-ci ildə keçiriləcək AŞ Mədəni Marşrutlarının 10-cu Məşvərət Forumuna Yunanıstanın ev sahibliyi edəcəyi məlum olub. İclasda Avropa Şurası (AŞ) Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinə prezident seçkiləri olub və Norveçli nümayəndə Marianna Berger prezident seçilib.

“Avropa Şurasının Mədəni Marşrutlarının təbliğatı: Ən yaxşı təcrübələr” adlı hissə ilə davam edən iclasda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Araz Bağırlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın bu sazişə ilk qoşulan ölkələrdən olduğu , həmçinin 2017-ci ildə Bakıda keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəni marşrutlar mədəniyyətlərarası dialoq şəbəkəsi kimi" adlı panelin keçirildiyi qeyd olunub. Bildirilib ki, BMT Baş Assambleyası ötən ilin dekabr ayında mövzu üzrə qəbul etdiyi müvafiq qətnaməsində Ümumdünya Mədəniyyətlərarsı Dialoq Forumuna xüsusi bölmə həsr edib və onu mədəniyyətlərarası dialoq üzrə əsas qlobal platforma adlandırıb. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...