Möhtəşəm dostluq konserti keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın Səfirliyinin dəstəyi ilə Daşkənddəki Respublika sarayı – Türküstanda cari il may ayının 17-də möhtəşəm dostluq konserti keçiriləcək. SİA-nın məlumatına görə, konsert proqramında Özbəkistanın dünya şöhrətli orkestrı – Gənclərdən ibarət Simfonik orkestr, dirijor - Özbəkistanın əməkdar artisti Kamoləddin Urunbayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış edəcəklər.

Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaqdır. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Sarı gəlin”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunacaqdır. Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri – Nəsibə Abdullayeva, Masuma Boltabaeva, Erkin Ramazanovun da orkestr ilə ifaları nəzərdə tutulub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, ictiamiyyət nümayəndələri, səfirlər, diplomatlar, jurnalistlər, yerli azərbaycanlıların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, konsert proqramı ifa edildikcə arxa fonda quraşdırılmış böyük ekranlarda yüz il öncə yaradılmış Azərbaycan Xalq Respublikası, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanlarına dair videomateriallar nümayiş etdiriləcək, Türküstan sarayının geniş giriş foyesində “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası – 100” adlı sərgi iştirakçılara təqdim ediləcəkdir.

Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulacaq, milli geyimli rəqs qruplarının çıxışları planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə