Bakı Musiqi Akademiyasında elmi laboratoriyanın 25 illik yubileyi qeyd olunub FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasının 25 illik yubiley konfransı keçirilib.

SİA-nın məlumatına görə, konfrans Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə reallaşıb.

Tədbirdə Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək laboratoriya əməkdaşlarının 25 il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, elmi laboratoriyanın əməkdaşlarının fəal iştirakı ilə bir sıra elmi-praktik konfranslar təşkil edilib və onların materialları nəşr olunub. Bundan başqa, elmi işçilərin, müəllimlərin və doktorantların iştirakı ilə şifahi ənənəli musiqinin tarixi və nəzəri məsələləri, Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş elmi məqalələrdən ibarət toplular oxucuların ixtiyarına verilib.

Qeyd edilib ki, laboratoriyada musiqişünaslıq, etnomusiqişünaslıq, sənətşünaslıq, musiqi fəlsəfəsi, musiqi tarixi, kulturologiya kimi tədqiqat istiqamətləri formalaşıb. Burada çalışan işçilərin tədqiqatları çoxsaylı məqalələr, monoqrafiyalar, dərs vəsaitlərində öz əksini tapıb və bütün bunlar təhsilin elmi bazasının inkişafına xidmət edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, laboratoriyanın 25 illik fəaliyyəti münasibətilə “Müasir musiqişünaslığın aktual məsələləri: elmi məqalələr və materiallar” toplusunun birinci buraxılışı nəşr olunub. Təqdim olunan buraxılışa laboratoriya əməkdaşlarının son illər yerinə yetirdikləri maraqlı elmi işləri daxil edilib. Müəlliflər müxtəlif mənbələrə, faktlara, arxiv sənədlərinə istinad edib və musiqişünaslığın çoxşaxəli nailiyyətlərindən elmi-metodoloji zəmində bəhrələniblər.

Tədbirdə elmi laboratoriyanın kollektivinin fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş olunub, həmçinin musiqi nömrələri təqdim edilib.

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə