Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə may ayının 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq sözügedən festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri ilə Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abasov may ayının 10-dan 16-dək Bitola şəhərinə ezam olunacaqlar.

Kollektiv festivalda P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edərək, festivalın proqramına uyğun olaraq 1 tamaşa nümayiş etdirəcək, daha sonra dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə keçiriləcək ustad dərslərdə, treninqlərdə, səhnə döyüşü və texnikası məşğələlərində də iştirak edəcəklər.

Qeyd edək ki, "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukrayna Respublikalarında keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə