ÜSTT prezidenti seçilməsi münasibətilə mətbuat konfransı keçirilib SƏS TV

Beynəlxalq Mətbuat Mərkəzində Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti seçilməsi münasibətilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Ruslan Quliyev rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verib. O, eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi haqqında da danışıb.

R.Quliyev qeyd edib ki, təşkilat yarandığını gündən dövlət yürütdüyü turizm siyasətini dəstəkləyir və Azərbaycan sağlamlıq turizminin daha da inkişaf etdirilməsi naminə öz töhfəsini vermək
istiqamətində mütəşəkkil fəaliyyət prinsiplərini hər zaman rəhbər tutur: "Global Healthcare Travel Council-in idarə heyətinə və rəhbərliyinə yeni seçkilər 4-8 aprel 2018-ci ildə Türkiyə Respublikasının Antalya Vilayətində ll HESTOUREX SAMMİTTİ və sərgisi çərçivəsində həyata keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası da bu tədbirdə təmsil olunub. Bu seçim
Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhvə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkan yaradacaq. Təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən 5 ildə ölkəmizin turizm potensialın tanınmasına böyük əmək sərf olunur. Çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. 22 ölkədən 48 nümayəndənin qatıldığı belə bir möhtəşəm tədbirdə Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək".

Mətbuat konfransında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin üzvü Ceyhun Aşurov da tədbir haqqında fikirlərini bildirib: "Ümumdünya Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə 23 mart 2013-cü ildə Monokoda "İNTERNATİONAL MEDİCAL TRAVEL Exhibition and Conference İMETEC 2013" sərgisi zamanı 14 ölkədən 21 numayəndənin iştirakı ilə yaradılıb. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan 2013-cü ildən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatında (Global Healthcare Travel Council - GHTC) təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir.

Xüsusilə ilə qeyd edim ki, məqsədimiz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəyə turist axınına səbəb ola biləcək fəaliyyətlərini gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir".

Nəzərinizə çatdıraq ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.

Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə