İşçi Qrupunun növbəti iclası keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Dəniz Agentliyi, Azərbaycan Avtomobil Yolları Agentliyi və digər qurumların nümayəndələrinin iclası keçirilib.

SİA-nn məlumatına görə, iclasda “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə edilib.

Belə ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması istiqamətində görülən işlər barədə müzakirə aparılıb.

Məlum olub ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında may ayının ortalarından etibarən artıq Asan Xidmət pəncərəsinə xarici turistlər yaxınlaşmaqla turist vizası ala biləcəklər.

Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırladığı hesabatda əks edilmiş rəy və təkliflər və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilib, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.

İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması siyasətini davam etdirməsi istiqamətdə təkliflərin hazırlanması və digər məsələlərə dair qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə