Naftalanın kurort-sanatoriya mərkəzləri beynəlxalq sertifikata layiq görülüb

Azərbaycanın dünyada məşhur turizm mərkəzlərindən olan Naftalanın “Çinar” və “Qaşaltı” otel, kurort-sanatoriya və istirahət mərkəzləri Tibbi SPA və sağlamlıq üzrə beynəlxalq keyfiyyət sistemi (The international Quality System for Medical Spa and Wellness) olan Avropanın “EuropeSPA” təşkilatının beynəlxalq sertifikatına layiq görülüb. SİA-nın məlumatına görə, bu layihə dövlətimizin başçısının imzaladığı Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin müvafiq bəndinin icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin qeyd olunan təşkilata müraciəti əsasında reallaşıb.

Hər iki sağlamlıq mərkəzinə müalicə məqsədilə istifadə edilən yod-brom tərkibli duzlu suya aid verilən beynəlxalq sertifikat həmin otellərdəki xidmətin Avropa standartlarına uyğun qurulduğunu rəsmi olaraq təsdiqləyir.

Sağlamlıq mərkəzlərinə təqdim edilmiş sertifikat 2020-ci il dekabrın 11-nə kimi etibarlıdır. Hər iki oteldə növbəti audit 2019-cu il iyunun 11-də aparılacaq.

Xatırladırıq ki, 2018-ci ilin 7 mart tarixində Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin” beynəlxalq turizm sərgisi çərçivəsində Avropa Spa Assosiasiyasının (ESPA) işçi görüşündə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı-sağlamlıq turizmi üzrə koordinator Günel Aslanovanın təqdimatı və danışıqları nəticəsində sertifikatın əldə olunması ilə bağlı qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə