Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün maraqlı repertuar tərtib edib. Hər zaman olduğu kimi bu dəfə də paytaxt sakinləri və şəhərimizin qonaqları teatrın repertuarında olan rəngarəng səhnə əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar.

SİA-nın məlumatına görə, aprelin 20-si saat 19:00-da teatrın Kiçik səhnəsində T.Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Teatrsevərlər aprelin 21-i teatrın səhnəsində Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, 22-i isə V.Siqarev “Ağ ölüm” tamaşasına baxa biləcəklər. Hər iki tamaşa saat 19:00-da nümayiş olunacaq.

Məktəbli dostlar isə aprelin 21-i A.Şaiqin “Tıq-tıq xanım”, 22-si isə A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşalarını izləyə biləcəklər. Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq.

Tamaşalarda Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Nübar Novruzova, Leyli Vəliyeva, Şovqi Hüseynov, aktyorlar Günel Məmmədova, Elnur Kərimoiv, Manaf Dadaşov, Asya Atakişiyeva, Anar Seyfullayev, Vahid Orucoğlu və teratrın sevilən aktyorları rol alıb.

Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə