“Türk İslam sənətləri” adlı sərgi açılıb FOTOLAR

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında olan əsərlərdən ibarət “Türk İslam sənətləri” adlı sərgi açılıb. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə reallaşıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Rəhbəri olduğu elm ocağında belə bir sərginin açılmasından məmnunluq ifadə dən Ö. Eldarov layihənin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Bursa bələdiyyəsinin sədri Hikmət Şahin iki qardaş ölkə arasında inkişaf əlaqələrindən danışıb. Bildirilib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr həyata keçirilir. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu deyən natiq bu münasibətin son illər ərzində yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Qeyd edilib ki, sərginin əsas məqsədi ulu öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsinə əsaslanaraq, mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Qasımov iki qardaş ölkə arasında əlaqələrin inkişafından danışaraq belə bir sərginin təşkilini yüksək qiymətləndiriblər. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham qaynağı olduğu vurğulanaraq bildirilib ki, müxtəlif üslub və motivləri əhatə edən tablolarda türk-islam sənətinin tarixi haqda məlumatlar da yer alır.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərginin ekspozisiyasında nümayiş olunan keramika, ipək xalça toxuması, miniatür işlər, xəttatlıq nümunələri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq sənət əsəri nümayiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə