Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

SİA-nın məlumatına görə, III Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatıb. Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Bu gün isə Münsiflər Heyətinin tərkibi açıqlanıb: Çingiz Abdullayev (Azərbaycan detektiv yazıçısı, nasir, publisist. Hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü, PEN-klubun sədri), Oqtay Mirqasımov (kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti), Yusif Şeyxov (ssenarist, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri), Mehriban Zəki (teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı), Murad Dadaşov (Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı, kreativ teleprodüser, aktyor).

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları və tərəfdaşlarımızdan hədiyyələr gözləyir.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı festival2018@booktrailer.az müraciət etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə