“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi”

“Kainat” Gənclik Mərkəzinin bu illər ərzində İslam Əmakdaşlıq Təşkilatının ən iri qurumlarından biri olan ISESCO-nun iştirakı ilə “İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) təşkil edir. SİA-nın məlumatına görə, layihə bilavasitə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm Nazirliklərinin iştirakı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə artıq 7-ci dəfədir ki həyata keçirilir. Müsabiqənin coğrafiyası da ildən-ilə genişlənir.

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin bu ilki sayında Türkiyə, Misir, Rusiya Federasiyası (Tatarstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair və Azərbaycanın gənc istedadları iştirak edib.

Xatırladaq ki, 2018-ci ilin aprel ayının 9-dan 13-nə kimi Bakıda təşkil olunan müsabiqə qaliblərin mükafatlandırılması və Qala Konsert ilə başa çatıb.

Məlumat üçün bildiririk ki, müsabiqəmizin işinə uğurlar arzulayan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bununla əlaqədar tədbirin ünvanına rəsmi təbrik məktubunu da göndərib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev bu şad xəbəri müsabiqə iştirakçılarına çatdırıb. Mədəni proqram çərçivəsində müsabiqə iştirakçıları üçün Heydər Əliyev Mərkəzinə, “Heydər” Məscidinə, Azərbaycan Dövlət Filarmoniyasına ekskursiyalar da təşkil edilib. Əcnəbi yaradıcı gənclər üçün ən əlamətdar görüşlərdən biri də Qara Qarayevin adını daşıyan Mərkəzi İncəsənət məktəbində olub.

Xaricdən gələn müsabiqə iştirakçıları öz həmyaşıdları ilə maraqlı görüşlərdə iştirak etməklə yanaşı, həm də ifaçılıq bacarıqlarını nümayiş etdiriblər. Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar Artisti Əziz Qarayusifli və “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıblar.

Müsabiqənin kiçik yaş qrupunun 3-cü yer mükafatçısı Ozodbek Ubaydullayev məktəbin müəllim və şagird heyəti üçün fortepianoda Q.Qarayevin bir neçə əsərini ifa edib.

Daha sonra azərbaycanlı uşaqlar da qonaqlar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış ediblər. Məktəblə yaxından tanış olan nümayəndə heyəti təhsil ocağının rəhbərliyinə xatirə hədiyyələrini təqdim edərək, bu görüşü mədəni əlaqələrin ən parlaq nümunəsi kimi dəyərləndiriblər.

Sonda xatirə foto şəkili çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə