Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, ölkəmizdə aqroturizmin inkişaf etdirilməsini nəzərdə tutan layihəni Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi həyata keçirir.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışıb. Məlumat verib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, həyata keçirilən infrastruktur layihələri Azərbaycanda turizm sənayesinin inkişafını təmin edib. Hazırda ölkəmizdə müxtəlif turizm növləri üzrə yüksək səviyyədə fəaliyyət göstərən turizm müəssisələri var. Bu da ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə artmasına müsbət təsir göstərir.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün qarşıya bir sıra məqsədlər qoyulub. Hazırda “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən də kənd yerlərində turizmin inkişafı üçün bir sıra layihələr icra olunub və bu istiqamətdə işlər davam etdiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeroen Villems qeyd edib ki, Aİ Azərbaycanda regionların inkişafı üçün bir sıra layihələrin maliyyə dəstəkçisi kimi çıxış edib. Aqroturizmin inkişafının da dəstəklənməsi bu istiqamətdə həyata keçirilən layihələrin davamıdır: “Bu gün Azərbaycanda turizm sənayesi inkişaf etməkdədir. Turizm sənayesinin vacib qollarından biri də aqroturizmdir. Bu turizm növü Avropada geniş yayılıb. İnanırıq ki, Azərbaycanda da turizmin bu növü daha geniş inkişaf edəcək. Çünki aqroturizm regionların, kənd yerlərinin inkişafına, bu sahə ilə məşğul olan insanlarının maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir”.

Bildirildi ki, Aİ Azərbaycanın regionlarının inkişafı ilə bağlı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx işləyir. Həyata keçirilən proqramlar bundan sonra da davam etdiriləcək.

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, layihənin məqsədi Azərbaycanın 8 rayonunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) aqroturizmin inkişafını dəstəkləməklə kənd yerlərinin inkişafına nail olmaqdır: “Aqroturizm Azərbaycanda turizmin inkişafda olan yeni növüdür. Biz bu sahə üzrə həm turizmlə, həm də kənd təsərrüfatı ilə məşğul olan sahibkarların birgə fəaliyyətini təşkil edib, bu sahənin inkişafının təmin olunmasını düşünürük. “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi 32 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində hər rayonda bir nümayiş fermer təsərrüfatları yaradılacaq. Həmin təsərrüfatlar üçün lazım olan bütün maddi-texniki imkanlar bu layihə tərəfindən təmin olunacaq”.

Qeyd olunub ki, turistləri arqoturizmə cəlb etmək üçün bu sahə üzrə ayrıca portalın yaradılması da nəzərdə tutulub.

Sonra layihə tədbir iştirakçılarına təqdim olunub.

Daha sonra ölkəmizdə aqroturizmin inkişafı ilə bağlı verilən təkliflər ətraflı müzakirə edildi, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bildirək ki, aqroturizm kənd yerində, kənd evlərində yaşamaq şərtilə bu və ya digər xalqın məişəti ilə yaxından tanış olmaqla istirahət növüdür. Bu səyahət növü xüsusilə İtaliya, İspaniya, Fransa və Yunanıstanda inkişaf edib. Həmin ölkələrdə turizm sənayesinin bu növü uzun müddətdir mövcuddur. İllər ərzində bu ölkələrdə çox sayda özəl kənd mehmanxanaları şəbəkəsi yaranıb, yüzlərlə marşrut hazırlanıb. Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsindən əlavə, ölkəmizdə aqroturizmin inkişafı üçün daha bir vacib amil olan xalqımızın yüksək qonaqpərvərliyi və zəngin milli mətbəxinin olmasıdır.

Qeyd edək ki, dəyirmi masada Mədəniyyət və Turizm və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, Avropa İttifaqının Regionların İnkişafı Proqramının rəhbəri Ramilə Aslanova və sahə üzrə mütəxəssislər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə