Mərakeşli ifaçı Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olub FOTOLAR

Mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olub. SİA-nın məlumatına görə, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova rəhbəri olduğu mədəniyyət ocağında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, qonaqlara muzey haqqında ətraflı məlumat verib. Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş iki ölkə arasında əlaqələrdən danışıb. Son illər Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan diplomat sözügedən konsert proqramının bu qəbildən olduğunu söyləyib.

Mərakeş səfirliyinin dəstəyi və muzeyin təşkilatçılığı ilə reallaşan konsertdə Qnava üslubunda ifalar təqdim olunub.

Qnava üslubu Mərakeşin mədəni irsinin əsas istiqamətlərindəndir. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyalarıdır.

Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan olan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb. Bu il İnnov Qnava qrupu Qremmi mükafatının “Ən yaxşı rəqs” nominasiyasına layiq görülüb. Mərakeşin Essauriya şəhərində hər il dörd gün ərzində Qnava Beynəlxalq Musiqi Festivalı keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə