Azərbaycanda ilk müziklin premyerası anşlaqla keçdi

Heydər Əliyev sarayında “Ələddin” adlı ilk uşaq müziklinin premyerası anşlaqla keçib. SİA-nın məlumatına görə, bu uğurun səbəblərindən biri – uşaqdan böyüyə qədər hər kəsin yaxşı tanıdığı “Ələddin və sehrli çıraq” nağılına tam fərqli, dəyişik bir yanaşmadır. Milli alətlərlə aranjiman olunmuş bənzərsiz musiqi, incə yumor, şən rəqslər, zəngin dekorasiyalar, ən əsası isə, aktyorların məharətli oyunu səhnədə tam başqa bir aləm yaratdı, tamaşaçıları sehrli nağılın gerçək olduğuna inandırıb.

Uğurun digər səbəbi– müzikldə ən çox sevilən estrada ulduzları və populyar aktyorların iştirakıdır. Ələddin rolunda Zamiq Hüseynov, Yasəmən rolunda Emiliya Yaqubova (birinci seansda) və Sevda Yahyayeva (ikinci seansda), digər rollarda - Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev, Nicat Cəfərzadə, Hüseyn Əlili və Tofiq Hacıyev tamaşaçıların ürəklərini fəth edən unudulmaz obrazlar yaradıblar.

Qeyd edək ki, müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayeva, rəssamı Fərid Nəcəfli, musiqi redaktoru Emin Həsənov, redaktoru Leyla Qədirzadə, xormeysteri Şəhla Ələkbərova, baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır.

Xüsusi qeyd etmək lazımdır ki, tamaşaya müxtəlif müəssisə və təşkilatlardan, o cümlədən “İnayət” Əlillərə Yardım Assosiasiyası, “Ümid işığı”, “Beynəlxalq Əlillər cəmiyyəti, Yasamal rayonu Əlillər cəmiyyəti, 11 saylı xüsusi təhsil mərkəzi və s. mərkəzlərdən 1200 nəfər kimsəsiz və əlil uşaq dəvət olunub, müzikli maraqla izlənilib.

Şübhəsiz ki, ilk müzikl bu sahədə yeni layihələrə yol açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə