Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək

Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək. Səfirlikdən SİA-ya bildiriblər ki, festival çərçivəsində filmlər “Park Cinema” (“Flame Towers”) kinoteatrında, “Landmark” kompleksinin kino zallarında, həmçinin Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.

Kinofestivalın keçirilməsində əsas məqsəd Azərbaycan tamaşaçılarını Latın Amerikası ölkələrinin mədəniyyəti və ənənələri, xüsusilə kinematoqrafiya tarixi və istiqamətləri ilə yaxından tanış etməkdir. Festival çərçivəsində Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksika istehsalı olan yeddi ekran əsəri təqdim ediləcək. Filmlər ingilis dilində subtitrlər ilə ispan və portuqal dillərində göstəriləcək. Bütün seanslara giriş sərbəstdir.

Meksika səfirliyinin məlumatında deyilir: “Latın Amerikası ölkələrinin zəngin mədəni irsi var. Yeni ictimai cərəyanların qədim adət-ənənələrlə uzunmüddətli sintezi prosesi öz əksini regionun istər mədəni və qastronomik rəngarəngliyində, istərsə də tarixi və linqvistik zənginliyində tapıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...