Əliqismət Lalayev: "Teatrımızın kollektivi Prezidentin ətrafında birləşib" AÇIQLAMA

Azərbaycan Dövlət Musiqili Teatının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan danışıb. SİA-ya açıqlama verən direktor Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı verdiyi çoxsaylı sərəncamları diqqətə çatdırıb: "Azərbaycanda prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Ölkəmizdə demokratik və şəffaf seçkilərin təmin olunması üçün həmişə olduğu kimi lazımı şərait yaradılıb. Bu mühüm siyasi kampaniyada çoxlu sayda ictimai-siyası təşkilatlarla yanaşı, mədəniyyətimizi təmsil edən qurumlar da yüksək səviyyədə iştirak edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi, mədəniyyət aləmində də əsaslı islahatların həyata keçirilməsinə diqqət yetirilir. Kino, teatr, musiqi, təsviri və tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunmuş dövlət proqramları və Cənab Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı saysız sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı vardır.

Ölkə başçısının sərəncamlarına əsasən, son illərdə təmir edilmiş və yenidən qurulmuş çoxsaylı tarixi, monumental abidələr, tikililər, maddi mədəniyyət ocaqları arasında teatrlarımızın - o cümlədən Azərbaycan Dövlət Musiqili Teatrının binasının olması dövlətin teatr sənətinə göstərdiyi diqqətin bariz nümunəsidir. Yarandığı vaxtdan mədəniyyət və incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş etmiş Azərbaycan Dövlət Musiqili Teatrına bugünkü müasir və beynəlxalq standartlara cavab verən, hətta, Avropa teatrlarının binaları ilə müqayisə olunacaq şəraitin yadılması bizim Prezidentimizin adı ilə bağlıdır.

Ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsi və dünyada geniş təbliği, gənc istedadların yetişdirilməsi tolerantlıq və stabilliyi ilə digər ölkələrə nümunə ola biləcək Azərbaycanın mədəni inkişafını sürətləndirir. Mədəniyyət və incəsənətin tərəqqisi, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir.

Biz qürur duyuruq ki, Ulu Öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də onun layiqli davamçısı tərəfindən uğurla həyata keçirilir. Mütamadi olaraq ölkə Prezidenti tərəfindən incəsənət xadimlərinə fəxri adların və fərdi təqaüdlərin verilməsi barədə imzalanmış fərman və sərəncamlar, sənət adamlarının sosial şəraitini yaxşılaşdırmaq üçün onlara verilən mənzillər mədəniyyət xadimlərinə yüksək qiymətin bariz nümunəsidir.

İnanıram ki, bütün mədəniyyət işçilərimiz böyük həssaslıqla və məsuliyyətlə aprelin 11-i Prezident seçkilərində ölkə başçısının ətrafında sıx birləşəcək və onunla birlikdə olduğumuzu bir daha sübüt edəcəyik.

Xalqımızın gələcək rifahı namınə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi prezident seçkilərində böyük həvəslə və məsuliyyətlə iştirak edəcək, yenidən ən layiqli namizədə - İlham Əliyevə səs verəcəyik".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə