Nazir Novruz bayramı münasibətilə xalqımızı təbrik edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən insanları təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə bildirilir ki, Novruz bayramı Azərbaycan xalqının humanist, mütərəqqi dəyərlərinin, minillik adət-ənənələrinin məcmusudur.

Novruz insan və təbiətin möhkəm bağlılığına əsaslanır. Fəsil dəyişikliyi insanların düşüncəsində böyük fəlsəfi mahiyyət kəsb edərək müxtəlif rituallarda özünü göstərmişdir. Dörd əsas təbiət ünsürü – su, od, hava və torpağın kainatın əsasını təşkil etməsi insanlar tərəfindən ta qədim zamanlardan dərk və qəbul olunmuşdur. Novruz öncəsi xalqımız bu dörd ünsürün mahiyyətini əks etdirən ilaxır çərşənbələri də qeyd edir. Bu il baharın müjdəçisi sayılan ilaxır çərşənbələrdən sonuncusunun – Torpaq çərşənbəsinin Novruz bayramı ilə eyni günə təsadüf etməsi ənənəvi bayram əhvalına daha bir rəng qatır.

“Novruz bayramı xalqımız üçün ona görə əzizdir ki, o, insanları birliyə, bərabərliyə, paylaşmaya, saflığa və fəaliyyətə səsləyir. Novruzun aşıladığı humanist dəyərlər çağdaş insanlığın da ehtiyac duyduğu əhəmiyyətli çağırışlardır. Ölkəmizdə yaşayan azsaylı xalqlar, etnik qruplar da bu bayramın mütərəqqi ideyalarını qəbul edir, ildən-ilə onu daha mütəşəkkilliklə qarşılayırlar. Azərbaycanda Bahar bayramının xüsusi təmtəraqla qeyd olunması, onun gətirdiyi mənəvi zənginlik, həmçinin müxtəlif ölkələrdən minlərlə insanı ölkəmizə cəlb edir. Bayram günlərində paytaxtda və bölgələrdə fəaliyyət göstərən bütün teatr və konsert müəssisələri tərəfindən xüsusi proqram hazırlanır, Novruzun əsas atributlarının iştirakı ilə maraqlı şənliklər təşkil olunur. Turizm şirkətlərimiz yerli və xarici turistlər üçün müxtəlif turlar təşkil edirlər. Deməli, bu bayram minillik dəyərlərimizi yaşatmaqla yanaşı, mədəniyyət və turizm sahələrinin də inkişafına öz töhfələrini verir”, - deyə təbrikdə vurğulanır.

Təbrikin sonunda nazir bir daha respublikamızın mədəniyyət və turizm ictimaiyyətinə Novruz bayramı münasibətilə xoş əhval, cansağlığı, ruzi-bərəkət və yeni uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...