Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Çinin Sıçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində konsert proqramı təşkil olunub. Ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin Sıçuan vilayət hökumətinin dəstəyi ilə təşkil etdiyi konsert “Sehrli Azərbaycan musiqisi Sıçuanda” adlanıb.

Çinin ən böyük şəhərlərindən olan Çenduda Azərbaycan musiqisinin ilk dəfə təqdim olunduğu konsertdə gənc tarzən Şəhriyar İmanov və onun qrupunun ifasında etno-caz musiqisi böyük maraqla qarşılanıb. Qrupun ifasında “Elində sazın qurbanı” xalq mahnısı, Fikrət Əmirovun “Lay lay”, Səid Rüstəmovun “Hardasan” mahnıları, tarzənin özünün bəstələdiyi “Ağlayan şəlalə”, gənc bəstəkar və mahir pianoçu Etibar Əsədlinin müəllifi olduğu kompozisiyalar səslənib.

Konsertin ikinci hissəsində çinli musiqisevərlər Azərbaycanın muğam sənəti ilə yaxından tanış oldular. Gənc ifaçılar Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında səslənən muğamlarımız, xalq mahnılarımız, müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun”dan parçalar, “Şahnaz” təsnifi, “Qarabağ” şikəstəsi tamaşaçıları Azərbaycan musiqisinin sehrinə saldı.

Çinin Çendu şəhərində ilk dəfə təşkil olunan Azərbaycan musiqisi gecəsi yerli sakinlərin musiqimizi kəşf etmələrinə imkan yaratdı. Salonda boş yerlərin olmaması çinli musiqisevərlərin konsertə, Azərbaycan musiqisinə marağının göstəricisi idi.

Konserti izləyənlər arasında Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, vilayət hökumətinin rəsmiləri, Çendu şəhərinin sakinləri, habelə məhz Azərbaycan musiqisini dinləmək üçün vilayətin başqa yerlərindən gələnlər və əcnəbilər var idi. Mükəmməl konsert proqramı təqdim edən musiqiçilərimizin ifası tamaşaçıların sürəkli alqışları ilə müşayiət olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə