Bakı Novruz şənliyinə hazırlaşır FOTOLAR

Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı və qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı hər il olduğu kimi, bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı ənənəvi bayram proqramı rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq. Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyə son hazırlıq işləri tamamlanmaq üzrədir.

SİA-nın məlumatına görə, bu fikirləri martın 16-da müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçıların iştirak etdiyi məşq prosesi ilə yaxından tanış olan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bayramın bu il də böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planının imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirib.

Diqqətə çatdırılıb ki, UNESCO-nun qeyri-maddi mədəni irsi kimi qorunan və xalqımızın ən sevimli bayramı olan Novruzun rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib: “Martın 20-də Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri görülür. Mədəni irsimizi, milli mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır”.

Ədalət Vəliyev Novruz personajlarının hazırlıq işlərinə də toxunaraq bildirib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Kosa və Keçəl insanları əyləndirəcək, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Nazir müavini vurğulayıb ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri, həmçinin idmançılar da tədbirə böyük həvəslə hazırlaşırlar.

Qeyd olunub ki, Novruz şənliyində bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim ediləcək. Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib. Novruz şənliyində bu il Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-Pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək.

Ədalət Vəliyev sonda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə