“Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” FOTOLAR

ATMU-da “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə”mövzusunda təlimlər keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının birgə təşkilatçılığı ilə turizm sahəsində çalışan işçilər və universitet tələbələr üçün “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda iki günlük təlimlər təşkil olunub.

Marketinq kafedrasının müdiri Anar Eminov qonaqları salamlayaraq təlimin məqsədi haqqında məlumat verib və qeyd edib ki, “Turizm sənayesində fəaliyyət göstərən və ya kariyerasını bu istiqamətdə quracaq tələbələr daim müvafiq sektorda yeni innovativ yanaşmaları izləməli, beynəlxalq standartlara, tələblərə cavab verəcək şəkildə fəaliyyətlərini planlamalıdırlar. Bir ölkənin turizm gəliri həmin ölkəyə turist tələbi ilə düz mütənasibdir. Turist tələbinə təsir edən turizm potensialı hər bir ölkədə müəyyən qədər əhəmiyyətli dəyər hesab olunur. Deməli, başlıca vəzifə turizm potensialının tələbinə uyğun ixtisaslı kadr şəbəkəsinin formalaşdırılmasına nail olub, yüksək keyfiyyətli turizm xidməti halına gətirməkdən ibarətdir. Məhz bu baxımdan turizm təhsilinin günümüzdə artan önəmi diqqəti çəkir. Əks təqdirdə beynəlxalq turizm bazarından gələn gəlirlər heç bir zaman istənilən səviyyəyə çatmayacaqdır. Çünki keyfiyyətli şəkildə istehsal olunmayan turizm məhsulu istehlakçılar tərəfindən rəğbət görməməkdədir və dolayısı ilə də rəqabət şansı yoxdur.”

“Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, təlimin növbəti günündə Azərbaycan Respubliksının Prezidentinin sərəncamına əsasən tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasına müvafiq olaraq skype vasitəsilə xarici ekspertlərin mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub. Bu da universitetin tədris sisteminə yeni tətbiq etdiyi “Boston Modelinin” tərkib hissəsidir.

Təlimdə Türkiyədən ekspert qismində dəvət olunan Azmi Arslan “Turizmdə yeni markaların yaradılması” mövzusunda çıxış edərək təlim iştirakçılarını yeni marka strategiyalarının qurulması metodları ilə tanış edib. Bununla yanaşı Azersun Holding Süd Məhsulları qrupunun marketinq şöbəsinin müdiri Elşən Əmirov “Qastronomik turizmdə yeni məhsul strategiyaları”, xarici ekspert qismində Bilge Işıkkent “Turizm faaliyeti için

ülkenin geografik konumunun, avantaj/dezavantaj”, ATMU-nun əməkdaşı, həmçinin sənaye təmsilçisi, ekspert Uğur Babayev “Turizm yatırımları ve turistlerin beklentileri, güvenlik, temizlik, hizmet kalitesi, beslenme uyumu, v.s.” mövzularında çıxış edib.

Təlimin sonunda iştirakçıların rəyləri, təklifləri nəzərə alınıb və daha fəal iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə