Bərdə rayonunda uşaq musiqi məktəblərində ixtisaslaşmış təlimlər

14 mart 2018-ci il tarixdən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsi tərəfindən Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirilir.

Bədii təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, təlim prosesinə yeni metodoloji təlim üsullarının tətbiqi, tədris proqramlarının yerinə yetirilməsi, şagirdlərin repertuar seçimində milli dəyərlərin qorunması, dünya musiqi incilərinə yiyələnmək, ixtisas və fənnlərin tədrisi metodikasının təkmilləşdirilməsi, ayrı-ayrı ixtisaslar üzrə beynəlxalq təcrübələrə əsaslanan tədris vəsaitlərindən səmərəli istifadə olunması, müəllimlərin peşəkarlıq hazırlığının yüksəldilməsi müasir dövrdə Bədii təhsilin inkişafının prioritet istiqamətlərini təşkil edir.

Son iki il ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20 çeşiddən artıq metodiki vəsait hazırlanmış və region idarələrinə paylanılmışdır. Tərtib olunan tədris proqramı və metodiki vəsaitlərdə beynəlxalq təcrübələr nəzərə alınmış, şagirdlərin proqram repertuarları zənginləşdirilmişdir.

Bu yeni tədris proqramları və metodiki vəsaitlərdə göstərilən proqram tələblərinin yerinə yetirilməsinə metodiki köməklik göstərilməsi məqsədilə Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində muğam, fortepiano və nəzəri fənlər üzrə ixtisaslaşmış təlimlər keçirilir.

Təlimlərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev və şöbənin metodisti Zəbulla Quliyev iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə