“Qaytağı” instrumental ansamblı konsert proqramı ilə çıxış edib

Azərbaycan Milli Konservatoriyasında tanınmış qarmon ifaçısı, Xalq Artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı "Təəssürat" konsert proqramı ilə çıxış edib. Konsert “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb.

SİA-nın məlumatına görə, konsertdən əvvəl konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək muğamın qorunması və təbliğində festivalın müstəsna rolunu qeyd edib.

Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir.

Qeyd edib ki, artıq ənənəyə çevrilən müsabiqə muğam dünyasına yeni ifaçılar, mahir və istedadlı sənətkarlar bəxş edib. Onların müsabiqədəki qələbələri bu çoxçalarlı sənəti beynəlxalq miqyasda layiqincə təmsil etmək üçün möhkəm zəmin yaradıb. Əminliklə bildirib ki, beşinci dəfə keçirilən Beynəlxalq Muğam müsabiqəsi də yeni istedadları aşkar edərək onların yolunu böyük səhnələrə açacaq.

Tədbirdə, həmçinin rektor Siyavuş Kərimli İrandan olan musiqiçi Farhad Fakhreddini 80 illik yubileyi münasibətilə də təbrik edərək onu mükafatlandırıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Ansambl tərəfindən məharətlə ifa edilən “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Ay nanə”, “Vals papuri”, “Uzun dərə”, “Şalaxo”, “Lay-lay”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah rapsodiyası”, “İthaf” və başqa əsərlər yerli və xarici tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə Xalq Artisti Ənvər Sadıqovun (qarmon) bədii rəhbərliyi ilə Ələkbər Ələkbərov (tar), Emil Əfrasiyab (piano), Ramin Həsənov (skripka), Taleh Ağayev (elektro piano), Abbas Səfərov (nağara), Nicat Bayramov (zərb alətləri), Orxan Musayev (nəfəs alətləri) və Elcan Cəbrayılov (bas-gitara) çıxış ediblər.

Martın 14-dək davam edəcək festivalda 15-dən çox ölkəni təmsil edən musiqiçilər iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə