Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Fevralın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 23-dən 27-dək Bakıda keçirilən İran kinosu günlərinin əhəmiyyətindən söz açılıb

Ə.Qarayev bildirdi ki, kino günləri çərçivəsində baş tutan bu səfər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək. Vurğuladı ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri tarixi dostluğa bağlıdır: “Ölkələrimizin rəhbərləri son illər çoxsaylı görüşlər keçiriblərsə, biz də bu münasibətlərə öz töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.

Daha sonra nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirib. Diqqətə çatdırıldı ki, İranda təşkil olunan Azərbaycan mədəniyyəti günləri iki ölkə arasında mədəni əlaqələrin daha da sıx inkişafına təkan verib. İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını dilə gətirib.

İran kino mütəxəssisləri ilə birgə layihələrdən, ötən ay İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.

Qeyd edilib ki, son illərdə İran ilə Azərbaycan arasında turist sayının çoxluğu turizm sahəsində yaxşı əlaqələrin nəticəsidir. Azərbaycan dövləti tərəfindən turizm sahəsində həyata keçirilən islahatlar, turistlərin gəliş-gedişini asanlaşdıran qanunvericiliyin qəbulu turistlərin axınına, bu prosesin daha da güclənməsinə təsir edir.

Ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq forumlarında İran İslam Respublikasının hər zaman yaxından iştirakını vurğulayan nazir nümayəndə heyətini 2018-ci ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştiraka dəvət edib.

İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edərək Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu bildirib.

Səfəri çərçivəsində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə səmimi görüşündən razılığını ifadə edən qonaq vurğulayıb ki, iki ölkə mədəni, tarixi və dini baxımdan bir-birinə sıx bağlıdır: “Azərbaycan və İran arasında bütün sahələrdə çox yaxşı münasibətlər var və iki ölkə prezidentlərinin rəhbərliyi ilə bu əlaqələr daha da inkişaf etməkdədir. Ötən il Azərbaycan mədəniyyəti günləri Tehran, İsfahan və Ərdəbil şəhərlərində çox yüksək səviyyədə keçirildi. İndi isə Azərbaycanda İran kinosu günləri təşkil olunur. Biz mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlıyıq. Çünki mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir”.

Görüş iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...