“Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb FOTOLAR

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 23 fevral 2018-ci ildə “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı orta əsr Azərbaycan tarixində xüsusi yeri və rolu olan Şirvanşahlar dövlətinə həsr olunmuş sərginin ilk dəfə təşkil edildiyini xüsusi qeyd edərək, muzeyin fondlarında qorunan 225 eksponatın böyük əksəriyyətinin ilk dəfə tamaşaçıya təqdim edildiyini bildirib. Qeyd edilən dövrə aid bir sıra maddi-mədəniyyət tapıntılarının hazırda dünya muzeylərində saxlanıldığını söyləyən Nailə xanım, onların tədqiqinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov sərgi barədə ətraflı məlumat verərək, Bakı, Şamaxı, Şabran, Dərbənd və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda, həmçinin muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzərin sularında aşkar edilmiş materialların muzeyin bərpa laboratoriyasında bərpa edildiyini deyib. O, “Şirvanşahlar dövlətinin inzibati quruluşu və dövlətçilik ənənələri”, “Hərb işi”, “Dənizçilik”, “Sənətkarlıq və ticarət”, “Şəhərlər”, “Elm və mədəniyyət” adlı mövzular əsasında tərtib edilmiş 25 məlumat panelində dövlətin daxili və xarici həyatını nümayiş etdirdiyini söyləyərək, sərginin mühüm eksponatlarından olan IX-XVI əsrlərdə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif şirvanşahlar adından zərb edilmiş sikkələrin önəmli tapıntı olduğunu vurğulayıb. Şirvançahlar dövlətin daxili və xarici ticarət əlaqərini sübut edən digər bir çox materialların İran, Türkiyə və d. ölkə muzeylərində saxlandığını söyləyən Səbuhi Əhmədov sərginin üç ay davam edəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə