Elxan Elatlı ilə görüş keçirilib FOTOLAR

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birlikdə təşkil etdiyi detektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Kitabxananın direktoru Tahir Sadıqov açaraq, Elxan Elatlının detektiv janrda yazdığı romanlar, hekayə və povestlərin minlərlə oxucu tərəfindən sevilə - sevilə oxunmasından və hər birinin ayrı-ayrılıqda böyük tərbiyəvi əhəmiyyət daşıdığından danışıb.

Tədbirdə çıxış edən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov çıxış edərək qeyd edib ki, bu tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları ilə birlikdə Tarix – Diyarşünaslıq Muzeyinin fond mühafizə işçiləri və bir çox rayon MKS-lərin xidmət şöbəsinin əməkdaşlarıda iştirak edir. Ona görədə təbliğat baxımından bu tədbirin əhəmiyyəti böyükdür. O, çıxışında 2016-2017 ci ilin ən çox oxunan yazıçısına uğurlar arzulayıb.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Validə Hacıyeva yazıçının əsərləri haqqında qısa icmal verərək bildirib ki, Elxan Elatlının indiyədək işıq üzü görən 25 kitabından 4-ü şeir, 2-si riyazi məntiq, 1 qəhrəmanlıq romanı və qalanları detektiv nəsr əsərləridir.

“Yeni nəşrlər” jurnalının baş redaktoru və yayım assosasiyasının rəhbəri Yaşar Zeynalov Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və Qisas gecəsi” əsərlərində Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş həmyerlilərimizin və Milli Qəhrəman Mübariz İbrahimovun taleyindən bəhs edən əsərlərindəki vətənpərvərlikdən danışıb.

Tədbirdə həmçinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin işçiləri,Yardımlı rayon MKS-in kompyuter mütəxəssisi Alışov Rizvan, Quba rayon MKS-in əməkdaşı Əliyeva Samirə, Abşeron rayon Tarix –Diyarşünaslıq Muzeyinin baş fond mühafizəçisi Gülçin Əfəndiyeva və başqaları iştirak ediblər.

Tədbir Elxan Elatlının “Oxucu sevgisi mənim üçün ən böyük mükafatdır” sərgisinə baxışla sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə