“Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirilib FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirilib.

SİA-nın məlumatına görə, Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum ediblər. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. 613 nəfər dinc əhali öldürülüb, 487 nəfər əlil olub, 1275 nəfər götürülmüş əsir müxtəlif işgəncələrə məruz qalıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.

Muzeydə təşkil olunmuş sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 50-ya yaxın əsəri nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin qadınlar şurasıının sədri Salatın Əsgərova, Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Gülay Ramazanova çıxış ediblər, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya nümayiş olunub.

Tədbirdə Xocalı faciəsinin şahidləri, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət İşçiləri İxtisasartırma Mərkəzinin əməkdaşları, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, Sərhəd Qoşunlarının əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...