“Nəsimi poeziyası” qiraət müsabiqəsinin I turu keçirilib FOTOLAR

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin və rayon mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə “Nəsimi poeziyası” adlı qiraət müsabiqəsinin I turu keçirilib. SİA-nın məlumatına görə, öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edən Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi.

Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti ifadə edib. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. Sərəncamın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış şairin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilməsi nəzərdə tutulub.

Bu müsabiqənin Zaqatala rayon MKS-i tərəfindən də keçirilməsi planlaşdırılmış və üç turdan ibarət olan müsabiqənin birinci turu 2018-ci il 21 fevral tarixində, saat 11:00-da baş tutub. Ayrı-ayrı kəndlərdən, təhsil müəssisələrindən müsabiqədə iştirak edənlərin sayı 60 nəfər olub. İştirakçılar ədibin yaradıcılığından müxtəlif qəzəllər, qəsidələr ifa ediblər. Müsabiqədə fərqlənənlərin mükafatlandırılması və qalibin açıqlanması 2018-ci il 6 mart tarixinə müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə