Opera və Balet Teatrında “Qu gölü” baletinin tamaşası keçiriləcək

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri bu balet 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunub.

Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Respublikanın Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze, Dilarə Mehdiyeva iştirak edəcək və solo partiyalar və rəqslər ifa edəcəklər. Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə