Millət vəkili Flora Qasımova ilə görüş keçirilib FOTOLAR

Sumqayıt şəhər Poeziya evində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımovanın iştirakı ilə “Gənclərə həyat dərsi” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarına Flora Qasımovanın ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, çıxışında hörmətli millət vəkilinin ömür yolunu müasir gənclərə örnək olacaq bir ömür yolu adlandırıb.

Sonra çıxış üçün söz alan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Axundova hörmətli qonağı və tədbir iştirakçılarını idarə rəhbərliyi adından salamlayıb və bu cür tədbirlərin aktuallığından danışıb.

Öz ömür yolundan söz açan millət vəkili Flora Qasımova eyni zamanda ölkəmizdəki mövcud ictimai-siyasi duruma münasibətini bildirib, parlamentdəki fəaliyyətindən danışıb və ölkəmizin tərəqqisində gənc nəslin rolundan bəhs edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçiləri Eldar Hüseynov və Bayram Cəfərli, şair Əvəz Mahmud Lələdağ, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə və başqaları çıxış edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun yaksəldilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi qeyd ediblər.

Tədbirdə gənc xanəndə Tural Salmanovun ifasında muğam parçaları dinlənilib.

Tədbirin sonunda millət vəkili Flora Qasımova gənclərin suallarını cavablandırıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə