"Ana dilimizi – mənəvi sərvətimiz"

Azərbaycan Turizm və Menecment Universitetində Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə YUNESKO-nun Baş Konfransı tərəfindən hər il fevralın 21-i Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

Rektor detallı çıxışında xüsusi vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya Aktı ilə dövlət dilinin adı bərpa olunub. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.

ATMU-nun “İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı,“Dillər” kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova Beynəlxaq Ana Dili Gününün yaranmasından, ölkəmizdə ana dilimizin mərhələli inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar. Eyni zamanda Azərbaycan Konstitusiyasının 45-ci maddəsində hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq hüququnun təsbit olunduğunu diqqətə çatdırıblar. ATMU tələbəsi Fatimə İbadovanın Səməd Vurğunun məşhur “Azərbaycan”şeiri ilə çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq Ana Dili Gününə həsr olunan “Ana dilimiz-mənəvi sərvətimiz”adlı tədbirdə Bəxtiyar Vahabzadənin “Ana dilim”şeiri şairin öz səsində səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə