Elza İbrahimovanın 80 illiyi qeyd edilib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz muzeyin şöbə müdiri Xanım Abdinovaya verilib.

Tədbirdə Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov çıxış etmiş, bəstəkarın yubileyi münasibətilə nəşr olunan “Mahnılar” kitabını və diskini muzeyə hədiyyə edib.

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri, Beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat, Rövşən Qəhrəmanov, Emin Əhədov (f-no), Nərmin Rzayeva (f-no), muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər, xalq artisti Munis Şərifov) artist-ifaçıları Nuriyyə Hüseynova, Teyyub Aslanov, Rasimə Seyidcahan, Ramin Hüseynov (akkordeon), Vasif Hüseynzadə (f-no) və başqa musiqiçilərin ifalarında Elza İbrahimovanın sevilən mahnılarından ibarət konsert proqramı təqdim edilmiş, videogörüntülər nümayiş olunub.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, bəstəkarın ailə üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə