"Bizə sağlam millət, sağlam, yeni gənc nəsil lazımdır".

İlham Əliyev

Hacı Cəfər Quliyev: “I Pyotr Avropada narkomaniyanın əsasını qoyanlardan biri olub”

Qarşımda maraqlı bir kitab var: “Tüstü də var ocaq söndürür”. Bu kitabın müəllifi məşhur cərrah, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası cərrahiyyə şöbəsinin müdiri işləmiş, “Şöhrət” ordenli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hacı Cəfər Quliyevdir. Bu kitab, maraqlı yazıların, oçerklərin, publisist yazıların müəllifi Hacı Cəfər Quliyevin sayca altıncı kitabıdır. Təxminən 300 səhifəlik bu kitab mənim üçün elə maraqlı oldu ki, demək olar bir nəfəsə oxudum. Baxmayaraq Hacı Cəfər Quliyevin o biri kitablarını da oxumuşam, amma bu kitab mənə daha maraqlı və günümüzün tələbinə, həyatın nəbzinə, siqaretlə bağlı bəzi məqamlara cavab tapa bilmədiyimiz suallara cavab tapa bildiyimiz üçün, zəng vurub, müəllifə öz təşəkkürümü bildirdim. Hətta bu kitabın ən böyük təbliğatçılarından biri olacağımı da söylədim.

Kitabı oxuyub qurtaradan sonra dəhşətə gəldim ki, yer üzünün “Xroniki vəbası” sayılan siqaretdə olan 4 mindən artıq zəhərli maddə haqqında demək olar ki, biz heç nə bilmirik və siqaretin belə dəhşətli psixatrop maddə olduğunu uzun illərdir mütəxəssislər bizdən gizlədiblər. Bu dəhşətli maddələrdən- karbon monoksid, hidrogen sionid, ammonyak, arsenik, benzin, kadmium, toluol, radon, polonum, DDT, natralin, nikotin, propilen-qliklol, sionid turşusu, arsenat (aran turşusu), süleymani, uran, metil spirtinin siqaretdə olduğunu da bu kitab vasitəsi ilə öyrəndim. Bundan başqa öyrəndim ki, siqaretin tərkibində 5 mindən çox izotop var. Hətta siqaretin spirtli içkilərdən, narkotik vasitələrdən daha dəhşətli olduğunu mən məhz Hacı Cəfər Quliyevin yazdığı “Tüstü də var ocaq söndürür” kitabından daha ətraflı öyrəndim. Çünki siqaretdə qırxa yaxın narkotik maddə aşkar olunub. Amerika Xərçəng Cəmiyyətinin hesabına görə, dünyada ağ ciyər xərçənginin 87 faizi məhz siqaret çəkənlərdə müşahidə olunur. Hətta aşağı və yuxarı ətrafların qanqrenasının 75 faizi məhz siqaret çəkənlərin payına düşür. Statik məlumata görə yer kürrəsində 1 milyard 250 milyondan çox insan siqaret çəkir. Hətta bunun 35 faizini qadınlar təşkil eləyir. Son illərdə isə cavan oğlanların və qızların papiros düşgünü olması artıq göz qabağındadır. Təbii ki, bu da gələcək nəsillər üçün böyük fəlakətdir. Bunun qarşısı alınmasa dünyada siqaretin törətdiyi dəhşətlər daha böyük fəsadlar verəcək. Ən dəhşətlisi budur ki, bu gün yer kürrəsində müharibələrdən, dəhşətli təbiət hadisələrindən ölənlərin sayı, siqaretin törətdiyi fəsadlardan, xəstəliklərdən ölənlərin sayı qədər eynidir.

Beynimə gələn ilk fikir belə oldu ki, nəyin bahasına olursa olsun, hökmən Milli Məclis və Təhsil Nazirliyi qarşısında məsələ qaldıraq lazımdır ki, bu kitab hökmən orta və ali məktəblərdə tədris olunsun. Əgər bu kitab təhsil ocaqlarında tədris olusa, onda cavan nəslimizin siqaretə marağı azalar və onlar sağlam böyüyərlər.

Kitab haqqında yazmağa başladığım bir ərəfədə ölkə başçımızın ictimai yerlərdə insanların siqaret çəkməsi ilə bağlı verdiyi qərar da yerinə düşdü və fikirləşdim ki, Hacı Cəfər Quliyevin yazdığı bu kitab indi xalqımıza daha çox lazım olacaq. Çünki siqaretə və onun istehsalına qarşı vətənpərvər insanlarımız böyük təbliğat aparırlar. Hətta sevindirici haldır ki, “Dünya TV” televiziyasında siqaretin törətdiyi fəsadlarla bağlı artıq bir veriliş də fəaliyyətə başlayıb. Mən bunu təqdirəlayiq hesab edirəm. İnanıram ki, tezliklə başqa televiziya kanalları da bu müqəddəs işə qoşulacaqlar.

İnki öncə müəllif haqqında qısa məlumat verim ki, 2018-ci ilin dekabr ayının 31-də 84 yaşlı tamam olacaq Hacı Cəfər Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra 1954-cü ildən taleyini Sumqayıtla bağlayıb. Ali məktəbdə olduğu kimi, Sumqayıtda da elə ilk gündən özünü ictimaiyyətçi kimi göstərib. İlk əmək fəaliyyətinə Boru-Prokatı zavodunun tibb bölməsində cərrah kimi başlayıb. Sonra 1 nömrəli Sumqayıt şəhər xəstəxanada cərrah kimi öz işini davam etdirib. Burada az bir vaxtda ad-san qazandığına görə 1981-ci ildən Təcili Tibbi Yardım Xəstəxanası cərrahiyyə şöbəsinin müdiri təyin olunub. Hacı Cəfər Quliyevin rəhbərliyi ilə həkimlərdən ibarət yaradılan və 8 il fəaliyyət göstərən “Loğman” xalq çalğı alətləri ansambılı bir vaxtlar təkcə Sumqayıtda yox, keçmiş Sovetlər Birliyində özünün maraqlı çıxışları ilə tanınıb. Həmin kollektivin yetişdirdiyi çöxlu musiqiçilər və müğənnilər sonralar respublikanın tanınmış mütəxəssisləri olublar. O, təkcə həkim kimi yox, həm də maraqlı qələm sahibi olduğunu sübut edib. Onun silsilə yazıları Sumqayıtda çap olunun “Sumqayıt” ,“Exo Sumqaylta” və respublika səviyyəli “Dəmir yolu” qəzetlərində çap olunub. Elə həmin vaxtlardan siqaretin insan orqanizminə vurduğu ağır yaralarla bağlı qəzetlərdə çap olunan yazılarına görə Hacı Cəfərə çox təpkilər olunub. Mərkəzi Komitədə oturanların 20 faizi siqaret çəkənlər olduğundan onun “Dəmir yolu” qəzetində çap olunan “Mədəni narkomanlar” yazısına görə Hacı Cəfəri çox incidiblər. Hətta Sovetlər dövründə siqaret sahəsinə rəhbərlik edənlərin bazarının qarşısını aldığına görə Hacı Cəfər Quliyevin məsəsləsi dəfələrlə Sumqayıt şəhər rəhbərliyi tərəfindən qaldırılıb və qəzet rəhbərlərinə də təpkilər olunub. Amma bütün bunlar Hacı Cəfəri qorxutmayıb və sonda həmin yazılar əsasında bu gün xalqımıza çox vacib olan belə maraqlı kitab ərsəyə gəlib. Hacı Cəfər Quliyevin Sumqayıtda gördüyü əvəzsiz işlər ölkə başçımız İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, ölkə başçımızın sərəcamı ilə 2004-cü ilin dekabr ayında Hacı Cəfər Quliyev “Şöhrət” ordeni ilə mükafatlandırılıb. Onun məşhur Azərbaycan Xalq şairi Məmməd Arazla 30 ildən çox davam eləyən təmənnasız dostluğu hər bir ziyalı üçün örnək ola bilər. Hacı Cəfər Quliyev bu gün də Məmməd Arazın respublikada ən böyük təbliğatçılarından biridir.

Bu kitab ilk növbədə ona görə maraqla oxunur ki, Hacı Cəfər buradakı hər bir yazısında tarixi və dəqiq faktlara söykənib.

Kitab kimyaçı alimlərin siqaretin tərkibində aşkar edilən bəzi kimyəvi maddələrin tərkibini açıqlamaqla başlayır. Məlum olur ki, siqaretin tərkibində 33 ən zərərli kimyəvi maddə var. Bu zərərli kimyəvi maddələrin də hər biri insan orqanizmini məhv edən maddələrdir. Deməli, bu maddələr siqaret çəkən insanların bədəninə çökməklə çox tez bir zamanda insan orqanizmini məhv edir və onu sağalması müşkül olan xəstəliklərə mübtəla eləyir.

Hacı Cəfər Quliyev bu kitabda tütünün yaranma tarixi haqqında çox geniş məlumat verir və bizə məlum olur ki, Xristafor Kolumb 1492-ci ildə Amerikanı kəşf edəndə orada yaşayan hunduların “Petino” otu çəkdiyini görür. Bu otdan çəkmək Kolumba böyük maraq yaradır. O da bu otdan çəkəndən sonra öz müvazinətini saxlaya bilməyib, torpaq üzərində üzanırb və sərxoş olub. Özünə gələndən sonra Kolum başa düşüb ki, bu vəhşi ot adamın ağlını başından alır. Xristafor Kalum bu vəhşi otu həmin vaxtı “Siqara” adlandırıb. O, az bir vaxta bu ota alüdə olub və həmin otu Avropaya gətirib. Beləliklə, bu vəhşi ot da ilk dəfə “Siqara” adı ilə Kolumb tərəfindən Avropada yayılıb. Bütün qadağalara baxmayaraq bu ot artıq saraylara da yol tapıb və hətta krallar, kraliçalar da “siqara” çəkiblər.

Rusiyada isə siqaretin daha çox yayılması I Pyotrla bağlıdır. O, özü siqaretə elə alüdə olub ki, ondan ayrıla bilməyib. Deməli, I Pyotr narkomaniyanın Avropada başlanğıcını qoyanlardan biri olub. Çünki narkomaniya papirosdan başlayır. Papiros çəkməyən insanlar isə çox nadir hallarda narkomaniya tələsinə düşürlər. Həmin vaxtı siqaretin insan orqanizmində yaratdığı dəhşətli xəstəliklərlə bağlı yazılan kitablar, Avropada siqaretin çəkilməsinə böyük qadağalar yaratsa da amma bu zərərli, yer üzünün “xroniki vəbası” yenə də qələbə çalır və hər gün daha çox insanları xəstəliklərə yoluxdurur.

1556-cı ildə Fransa ilk dəfə tütünlə tanış oldu və fransalı diplomat Jan Niko, ingiltərəli Volter Kaletin onu elə məşhurlaşdırdılar ki, artıq XIX əsrdə alimlər “nikotin” kimi tanınan maddəyə onun adını verdilər. Hətta məşhur adamların siqaret çəkməsi də onun papuliyarlığını artırdı. Bədii kitabların çoxunun baş qəhrəmanlarının, kinofilmlərin əsas aparıcı rollarının ekranda siqaret çəkməsi bu zərərli maddənin insanlar arasında daha çox yayılmasına, təbliğatına rəvac verdi. Az bir vaxtda tütün istehsalı çox gəlir gətirən sahə olduğuna görə demək olar ki, bütün ölkələrdə əkilməyə və istehsalına başlanılıdı. Baxmayaraq ki, alimlər siqaretin insan orqanizmində yaratdığı dəhşətli xəstəliklər haqqında çoxlu kitablar yazsalar da onun əkilməsinin, istehsalının və satışının qarşısını ala bilmədilər. Sovetlərin dövründə də tütün əkilməsi ən əsas sahələrdən biri oldu. Sovet rəhbərliyi tütünü daha çox şimali və cənubi Qafqazda, Maldovada və Orta Asiya ölkələrində əkdirirdilər. Elə bil ki, onlar bu yolla bilərəkdən bu millətlərin siqaretdən daha tez xəstələnərək dünyalarını dəyişməsinə daha böyük rəvac verdilər. Yəqin elə bu gün məşhur ölkələrin rəhbərləri də insanların məhz siqaretlə xəstələnərək daha tez dünyalarını dəyişməsini özlərinin ən böyük ali məqsədlərindən biri kimi qəbul etdiklərindən siqaretin belə təbliğ olunmasına üstünlük verirlər.

Azərbaycanda tütünçülük ilk dəfə XIX əsrin 70-80-ci illrəndən Balakəndə başladı. Həmin vaxtı tütün toxumunu Balakənə Yusif adlı bir osmanlı türkü gətirmişdi. Sonralar bu nəsil Balakəndə Tütünçiyevlər soy adı ilə məşhurlaşdı. Tütün gəlirli sahə olduğuna görə tez bir zamanda Azərbaycanda da yayıldı. Sovetlərin vaxtında isə demək olar ki, Azərbaycanın bütün rayonlarda tütün əkilirdi və insanlar bundan yaxşı gəlir götürürdüklərindən daha çox tütün əkirdilər. Yəqin elə buna görə də hal-hazırda Azərbaycanda təxminən 10 milyon əhalinin 4 milyonu siqaret çəkir. Çox böyük rəqəmdir elə deyilmi? Və ən bağışlanılmaz olanı odur ki, hələ də tütün və siqaret Azərbaycanda yüksək səviyyədə reklam olunur. Bunun qarşısını almaq hələ ki, çətindir. Yəqin ki, ölkə başçımızın bununla bağlı verdiyi qərar və Milli Məclisdə siqaretlə bağlı deputartalrın çıxardıqları qəraralar tezliklə özünün müsbət rolunu oynayacaq. Əgər tütün əkilməsi Azərbaycanda azaldılsa və bu məmulatların istehsalına qadağa qoyulsa, siqaretin qiyməti artırılsa, mətbuatda, radioda, televiziyada siqaretlə bağlı və mütəxəssislərin onun insanlarımıza gətirdiyi bəlalarla bağlı fikirlər səslənsə onda az bir vaxta siqaret çəkilməsi məmləkətimizdə azalacaq. İnsanlarımız və əsasən də yeyiyetmələrimiz sağlam böyüyəcəklər. Adi bir misal. İranda dövlətin papiros fabriki yoxdur. Ancaq orada ermənilər sexlrədə siqaret hazırlamaqla bütün dünyada olduğu kimi iranlıları da çoxlu xəstəliklərə yoluxdururlar. Bunu hələ də iranlılar tam dərk etmirlər. Tütünün dəhşətli bir şey olduğu haqqında vaxtı ilə məşhur yazıçı, alim və filosof Onere De Balzak bu haqda belə yazıb: “Tütün bədənə ziyan vurur, onu başdan-dırnağa qədər zəhərləyir, şüuru pozur, milləti kütləşdirir və onun nadan olmasına lazım olan şəraiti yaradır”. Bu sözlər bu gün hər bir orta və ali məktəbin girişündə böyük lövhədə yazılıb vurulsa, inanıram ki, çox böyük təbliğat rolu oynaya bilər.

Ölkə başçımızın Azərbaycanda idmanın inkişafına çox diqqət yetirdiyi bir vaxta siqaretin, narkomaniyanın qarşısını almaq hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır. Məhz buna görə də ümummilli liderimiz, əbədiyaşar prezidentimiz Heydər Əliyevin bu sözləri hər birimiz üçün örnək olmalıdır: “Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma ən çox sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq”. Ona görə də Ulu Öndərimizin bu sözlərini hər yaşlı insan özünün ali məqsədi etməli, ilk öncə siqaretdən özü uzaqlaşmalı və gənclərimizi, yeniyetmlərimizi də siqaretdən, narkotik və spirtli vasitələrdən uzaqlaşdırmalıdır. Əgər biz bunları etməsək, gələcəkdə çox peşiman olacağıq. Nə qədər ki, gec deyil bütövlükdə xalqımız bu dəhşətli vərdişlərdən insanlarımızı qorumalıdır. Bax, belə bir məqamda Hacı Cəfər Quliyevin “Tüstü də var ocaq söndürür” kitabı kütləvi tirajla çap olunmalı, hər bir azərbaycanlının stolüstü kitabı olmalı, mətbuatda, televiziyara, radioda təbliğ olunmalı, orta və ali məktəblərdə tədris olunmalıdır. Belə bir maraqlı kitabı vaxtında ərsəyə gətirdiyinə görə Azərbaycan xalqı məşhur həkim, yazıçı, publisist Hacı Cəfər Quliyevə öz təşəkkürünü bildirməlidir.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...