Cəfər Cabbarlının qızı ilə vida mərasimi keçirilib FOTO

Təzəpir məscidində görkəmli Azərbaycan ədibi, yazıçı-dramaturq Cəfər Cabbarlının qızı, “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri, Prezident təqaüdçüsü, uzun illər ədibin ev-muzeyinin direktoru vəzifəsində çalışmış Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.

SİA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, elm, ədəbiyyat və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edilib ki, 1930-cu ildə anadan olan G.Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Vurğulanıb ki, görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzeydə mütəmadi keçirilən ədəbi-bədii gecələrin, elmi konfransların təşkilində, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülarə xanımın böyük zəhməti olub. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülarə Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunub.

Cəfər Cabbarlının ev – muzeyinin direktoru, Gülarə xanımın qızı Qəmər Bağırova anasının xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Vida mərasimindən sonra G.Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə