“Leyli və Məcnun” operası Gəncədə nümayiş etdirilib FOTO

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında ilk tamaşasının 110 illiyinə həsr olunmuş Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş etdirilib. Operaya Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, tanınmış ictimai xadimlər, ziyalılar, şəhər sakinləri və eləcə də respublikanın aparıcı kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlər tamaşa ediblər.

Gəncə RİH-dən SİA-ya verilən məlumata görə, tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Xalq Artisti Mənsum İbrahimov (Məcnun), istedadlı müğənni Arzu Əliyeva (Leyli), Xalq Artisti Sabir Əliyev (Şeyx), əməkdar artistlər - Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Səlam), Afaq Ağayeva, Elnur Zeynalov, Taleh Yəhyayev, Aytən Məhərrəmova, Nazar Bəylərov və başqaları iştirak edirdilər.

Səhnə əsərinin dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Tamaşa izləyicilər tərəfindən hərarətli və sevgi dolu alqışlarla müşayiət olundu.

Göstəridən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev operanın iştirakçıları ilə görüşdü, onların fəaliyyətini yüksək qiymətləndirdi. Elmar Vəliyev qeyd etdi ki, operanın Gəncədə yüksək səviyyədə göstərilməsi şəhərin mədəni həyatında böyük bir hadisədir. Bütün gəncəlilər adından təşəkkürünü bildirən icra başçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivlərinin Gəncədə çıxışlarının ənənəvi hal almasını arzulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin Gəncəyə səfəri şəhər rəhbərliyi tərəfindən yüksək və qüsursuz səviyyədə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...