Litvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Litvanın paytaxtı Vilnüs şəhərində dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təşkil olunub. Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının yubileyi dünyanın bir çox ölkələrində olduğu kimi Litvada qeyd edildiyini bildirib, ölməz bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Litva musiqi və incəsənət Akademiyasının dosenti Yudita Leitaite və Balys Dvarionas musiqi məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunan konsert proqramında məşhur bəstəkar Qara Qarayevin əsərləri ilə yanaşı Azərbaycan musiqi və mahnı nümunələri də səslənib. Dahi bəstəkarın “Altı pyes” silsiləsindən “Kiçik hekayə”, “Usandırıcı fikir”, “Dağlarda”, “Unundulmuş vals” həmçinin “Kiçik vals”, “Pavana” əsərləri, skripka və fortepiano üçün sonatina, süita və kantatalarından nümunələr Yuriyus Suxanovas (fortepiano) Yoris Yuşka (skripka), Fatima Sapranaviciute (skripka), Ulyana Cvirkaite (fortepiano), Kamilla və Elqar Musayevlər (fortepiano), Birute Aseviçiute (fortepiano), Paulina Daukşite (skripka) tərəfindən məharətlə ifa edilib və musiqisevərlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Konsertin aparıcısı Litvanın tanınmış müğənnisi Yudita Leitatite ustalıqla Azərbaycan və Litva mahnılarını səsləndirib. Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin Litvanın digər şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...